Hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevə baş çəkib

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. İ. Cavadova APA-ya açıqlamasında həbsdə olan keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevlə görüşdüyünü deyib: “Bəxtiyar Hacıyevin səhhətində problemlər var. Onun gözü xəstədir. Oradakı şərait Bəxtiyarın səhhətinin yaxşılaşmasına imkan vermir”. Vəkil cəzaçəkmə müəssisəsində saxlanılan digər məhkumlarla da görüşdüyünü bildirib: “Vəziyyət qənaətbəxş deyildi. Otuza yaxın məhkumla təkbətək görüş keçirdik. Bir çox şikayətlər oldu. Hesab edirəm ki, Penitensiar Xidmət bu faktları nəzərə alacaq”.
Qeyd edək ki, bu gün Bəxtiyar Hacıyev saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsindən Kürdəxanı İstintaq Təcridxanasına köçürüləcək. Bu barədə onunla görüşən vəkili Sadiq Bağırov məlumat verib. Vəkilə deyilən səbəbə görə bu, B. Hacıyevin sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi ilə bağlıdır. Onu prosesə vaxtında çatdırmaq üçün Kürdəxanı İstintaq Təcridxanasına köçürəcəklər.