Məhbus vəkilinin geri qaytarılmasını istədi, proses təxirə düşdü

İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Ülvi Quliyevin mühakiməsi sentyabrın 19-dək təxirə salınıb. “Media forum” saytının məlumatına görə, sentyabrın 13-ü Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən proses Rüfət Hacıbəylinin vəkili olmadığına görə təxirə salınıb. Bundan əvvəlki proseslərdə Rüfət Hacıbəylini vəkil Elçin Namazov müdafiə edirdi. Avqustun 27-də o, hakim Şahin Abdullayevin qərarı ilə prosesdən uzaqlaşdırılıb. Hakim Vəkillər Kollegiyasına Elçin Namazovun intizam məsuliyyətinə alınması üçün müraciət edib. Sentyabrın 13-də keçirilən məhkəmədə Rüfət Hacıbəyli Elçin Namazovun geri qaytarılması haqda vəsatət qaldırıb. O deyib ki, başqa vəkil tutmaq niyyətində deyil. Prosesdə iştirak edən vəkillər vəsatəti müdafiə ediblər. Hakim isə bildirib ki, Elçin Namazovla bağlı vəsatətə Vəkillər Kollegiyasının hansı tədbir gördüyünü öyrəndikdən sonra münasibət bildiriləcək. Məhkəmə Vəkillər Kollegiyasına sorğu göndərilməsi haqda qərar verib və prosesi sentyabrın 19-dək təxirə salıb.
Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində – Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub.