“Elmar Hüseynovun təkcə qatilləri deyil, bu cinayətlərin sifarişçiləri də aşkarlanmalıdır” deyə Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq bəyanatla çıxış edərək diqqəti jurnalistlərin zorakılıqdan müdafiəsi probleminə yönəldib. Bu barədə “Turan”ın Strasburqdakı xüsusi müxbiri məlumat verib. Tomas Hammerberq həmçinin hüquq-mühafizə və məhkəmə orqanlarının jurnalistlərə qarşı cinayətlərinin daha tez və effektiv təmin olunmasında əsas məsuliyyət daşıdığını da deyib: “Jurnalistlərin ölümü ilə bağlı 30 haldan yalnız 10%-də istintaq məhkəməyədək aparılıb. Bu, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin effektivliyini şübhə altına alır. Bu, insan haqlarının görünməmiş dərəcədə pozulmasıdır, belə ki, hakimiyyət günahkarların cəzasız qalmasına yol verir. Jurnalistikada məqsəd hakimiyyətdə olanları sevindirmək və ya hökumətin carçısına çevrilmək deyil, ictimai nəzarəti həyata keçirməkdir. Bir jurnalistin ünvanına hədələr başqalarının boğulması kimi dağıdıcı effekt verə bilər” deyə Hammerberq bildirib.
Onu da qeyd edək ki, ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Vaşinqtonda Turan-ın müxbiri ilə söhbətində həbsdə olan bloqqerlər Cabbar Savalan və Bəxtiyar Hacıyevlə görüşəcəyinə ümid etdiyini bildirib.
D.Miyatoviç Azərbaycan da daxil olmaqla, ATƏT regionunda medianın çətinləşən durumunu ABŞ rəsmiləri ilə müzakirə edib. O, söz və İnternet azadlığının boğulduğu Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrin rəsmilərinə media əhlini susdurmağa sərf etdikləri enerji və maliyyə imkanlarını ictimai təhsilə və cəmiyyəti məlumatlandırmaya yönəltməyi tövsiyə edir.
Miyatoviç xatırladıb ki, Finlandiya və Estoniya kimi dövlətlər İnternet azadlığını öz konstitusiyalarında təsbit etdiyi bir halda, Azərbaycanda vətəndaşlar bu azadlıqdan bəhrələnmək istəyərkən həbs olunurlar.
D.Miyatoviç Vaşinqtona səfəri çərçivəsində Corc Vaşinqton Universitetinin tələbələri qarşısında ATƏT ölkələrində təqiblərə məruz qalmış İnternet istifadəçiləri və jurnalistlər barədə məruzə edib. Çıxışının böyük hissəsini Azərbaycanda vəziyyətə, əsasən bu yaxınlarda azadlığa çıxmış Eynulla Fətullayev, Adnan Hacızadə və Emin Milliyə həsr edib.