Beynəlxalq Mətbuat İnstitutu Rafiq Tağının qətli ilə bağlı açıqlama yayıb

Beynəlxalq Mətbuat İnstitutu Rafiq Tağının qətli ilə bağlı açıqlama yayıb  Dünyanın ən böyük jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutu (BMİ) tanınmış yazıçı-jurnalist Rafiq Tağının qətlə yetirilməsini pisləyib. Nüfuzlu qurum hadisə ilə bağlı açıqlama yayıb. Bu barədə APA-ya BMİ-nin Azərbaycan Milli Komitəsinin informasiya departamentindən məlumat verilib. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun onun sözlərinə görə, açıqlamada BMİ-nin mətbuat azadlığı üzrə meneceri Antoni Milz bu qətli pisləyib.
A.Milz R.Tağının yazılarına görə qətlə yetirildiyini düşündüyünü, amma bunun arxasında konkret İranın dayanması ilə bağlı hər hansı bir fakta malik olmadıqlarını deyib: “Biz bu qətli qətiyyətlə pisləyirik. Hələlik bu qətlin arxasında kimin durduğunu bilmirik, əlimizdə bununla bağlı konkret bir fakt yoxdur. Azərbaycan hakimiyyətini tezliklə bu cinayətin iştirakçılarının tapılması üçün bütün mümkün addımları atmağa çağırırıq. Beynəlxalq Mətbuat İnstitutu Azərbaycanda jurnalistlərə qarşı törədilən cinayət faktlarının açılmamasından narahatdır. Çünki cəzasızıq şəraiti jurnalistlərə qarşı təhlükəni daha da artırır. Biz Rafiq Tağının ailəsinə, yaxınlarına və Azərbaycandakı həmkarlarımıza baş sağlığı veririk!”.
BMİ-nin baş ofisindən yayılan açıqlamada qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun da fikirləri yer alıb: “Mən Rafiq Tağının ölüm xəbərini eşidəndə dərhal özüm onun müalicə olunduğu xəstəxanaya getdim. Baş verən hadisə ilə yerindəcə maraqlandım. Mən Rafiqin bu qətlindən çox kədərlənmişəm. Necə də kədərlənməyim, həmkarım-jurnalist vəhşicəsinə qətlə yetirilib. Mən də səsimi qaldırıb onun öldürülməsinə etiraz edirəm. Tezliklə bu qətli törədənlərin tapılmasını, onların ədalət məhkəməsi qarşısında durmasını istəyirəm”.
Açıqlamada Rafiq Tağının İranla bağlı yazdıqları, 2006-cı ildə isə həbs olunması da xatırladılıb.