Dekabrın 5-də keçmiş deputatlığa namizəd, gənc blogger Bəxtiyar Hacıyev köçürüldüyü Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsindən yenidən 14 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın hüquqlarının müdafiə komitəsinin sədri Rail Abbasov məlumat verib. R. Abbasovun sözlərinə görə B.Hacıyev soyuqdəymə ilə əlaqədar Müalicə Müəssisəsinə köçürülmüşdü: “Bu gün səhər saatlarında Bəxtiyarla görüşmək istəyirdim, lakin mənə bildirdilər ki, o artıq cəzaçəkmə müəssisəsinə qaytarılıb”, – deyə qeyd edən Abbasov onu da bildirdi ki, dekabrın 6-da saat 11:00-da Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə B. Hacıyevin kassasiya şikayətinə baxılacaq.
Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub. Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. 18 may 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.
Hüquq müdafiə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.
Bəxtiyar Hacıyev yenidən cəzaçəkmə müəssisəsinə qaytarıldı
