QHT Şurasının fəaliyyəti təqdir olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının əsasnaməsinə görə hazırkı tərkibin fəaliyyəti bu il sona çatır. Artıq Şuranın yeni tərkibinin müəyyənləşdirilməsi üçün sənədlərin qəbuluna başlanılıb. 8 istiqamət üzrə fəaliyyət göstərən QHT-lər bu seçkidə iştirak edə bilərlər. Sənəd qəbulu prosesi sona çatdıqdan sonra seçkilərin vaxtı müəyyənləşəcək. Hər qrupda 3 nəfər olmaqla seçilən 24 nəfər namizəd prezidentə təqdim olunacaq. Prezident 24 nəfərin arasından 8 nəfəri Şuranın üzvlüyünə təyin edəcək. Şuranın 11 üzvü olacaq. Digər 3 nəfər isə hökumət qurumlarından təyin olunacaq. Maraqlıdır, ötən 4 il müddətində Şura qarşıya qoyulan məqsədə nail ola bildimi?Məsələyə münasibət bildirən Şura sədri, millət vəkili Azay Quliyevin sözlərinə görə, ötən illər ərzində kifayət qədər aktiv fəaliyyət göstərilib: «Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının ötən illər ərzində qarşıya qoyulan məqsədə nail olub-olmaması ildə bağlı suala kənardan bizim işlərimizi izləyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daha yaxşı cavab verə bilər. Amma görülən işlərin hansı nəticələri olduğunu aydın görmək üçün respublikamızda QHT sektorunun 4 il əvvəlki və bugünkü vəziyyətini müqayisə etmək yetərlidir. QHT-lərlə dövlət qurumları arasındakı münasibətlərin ötən 4 ildə hansı səviyyəyə gəlib çatmasına baxmaq lazımdır. Həmçinin, son 4 ildə QHT-lərin potensialının nə qədər artması, inkişaf etməsi, güclənməsinə, təcrübələrinin artmasına  nəzər salmalıyıq. Bu müddətdə respublimkamızda fəaliyyət göstərən QHT-lərin indiyədək beynəlxalq donorların maraq göstərmədiyi layihələri dəstəklənib. Dağlıq Qarabağ problemi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə Şura daim önəm verib. Azərbaycanı beynəlxalq aləmdə təmsil etmək üçün QHT-lərə maliyyə dəstəyi verilib. Şəhid ailələrinin, müharibə veteranlarının hüquqlarının qorunması, ölkədə vətənpərvərlik ruhununu yüksəldilməsi istiqamətində onlarla layihəyə dəstək verilib. Bu sahələrə hər hansı beynəlxalnq donor vəsait ayırmırdı. Həmçinin, Şura qanunvericilik sahəsində bir sıra uğurlara imza atıb. Bütün bunlarla yanaşı, ölkədə  fəaliyyət göstərən QHT-lərin tanınması, təbliği ilə bağlı  işlər həyata keçirilib. Bü müddətdə xeyli televiziya proqramları hazırlanıb. QHT-lərə aid ayrıca xəbər saytı yaradılıb, ayrıca jurnal nəşr olunur. QHT-lərin fəaliyyətini işıqlandıran materiallar çap olunub. Bütün bunlar ötən 4 ildə Şuranın gördüyü işlərin yalnız az bir hissəsidir».
ŞURA ÖTƏN İLLƏRDƏ MÜHÜM İŞLƏR GÖRÜB
A.Quliyev Şuranın ötən illərdə Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimayyətinə çatdırılması istiqamətində də mühüm işlər gördüyünü vurğuladı: «Şuranın əsas məqsədlərindən biri Azərbaycanının haqq səsinin dünya ictimayyətinə çatdırılmasında dövlət başçısına ictimai dəstəyi təmin etmək idi. Bu məsələdə dövlətə və dövlət qurumlarına ictimai dəstək verməklə vətəndaş cəmiyyəti institutlarının aktivliyinin təmin edilməsinə çalışmışıq. Bu gün QHT-lərin səsi dünyada daha çox eşidilir. Çünki vətəndaş cəmiyyəti institutları  dünyada xalqa daha yaxın qurumlar kimi qəbul olunur və onların sözləri daha yaxşı eşidilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da bütün bunları nəzərə alaraq informasiya savaşında vətəndaş cəmiyyəti institutlarınqın fəaliyyətini maksimum dəstəkləməyə çalışıb. Hesab edirəm ki, buna nail ola da bildik. Bu illər ərzində Dağlıq Qarabağ həqiqətləri ilə bağlı yüzlərlə kitab çap olunub, internet saytları yaradılıb. Onlarla filmlər çəkildi və xarici dillərdə yayımlandı. Təxminən 9 xarici dildə film çəkilib. Azərbaycan QHT-lərinin səyi ilə beynəlxalq təşkilatlarda dinləmələr keçirilib, xeyli sayda beynəlxalq təşkilat nümayəndələri Azərbaycan dəvət edilib. Bizim xarici ölkələrdə keçirdiyimiz tədbirlər və gördüyümüz işlər deyməyə imkan verir  ki, QHT sektoru bu sahədə öz sözünü deyə bilib. Düşünürəm ki, artıq dünya ictimayyəti həqiqətin nədən ibarət olduğun tam şəkildə qəbul etməyə başlayıb.  Bu çox mühüm bir uğurdur». Respublimkamızda fəaliyyət göstərən özəl şirkətlərin vətəndaş cəmiyyəti institutlarının layihələrinə dəstək verməsinə gəldikdə isə A.Quliyev bu istiqamətdə iş aparıldığını vurğuladı: «Özəl sektorun vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstək verməsi təkcə Şuradan asılı olan məsələ deyil. Hazırda da özəl sektorun vətəndaş cəmiyyəti irnastitutlarının fəaliyyəti marağı lazımi səviyyədə deyil. Bəzən də atılan addımlar formal xarakter daşıyır. Ona görə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu problemi köklü şəkildə həll etməyə çalışır. Bununla bağlı olaraq bir neçə qanun layihəsi hazırlanıb. Koorperatv  sosial məsuliyət haqqında xartiya hazırlanıb və bu sənəd vətəndaş cəsmiyyəti institutları ilə özəl sektorun əməkdaşlığını nəzərdə tutur. Özəl sektorun bu sahəyə sərmayələrinin artırılması bu xartiyanın elementlərindən biridir. Düşünürük ki, bu məsələni qarşıdakı aylarda yenidən gündəmə gətirəcəyik. Bu dəfə müzakirələr birbaşa tanınmış şirkətlərin özləri ilə keçiriləcək. Artıq martın əvvəllərindən Şura bu işlərə başlayacaq».
«ŞURANIN FƏALİYYƏTİNDƏ AŞKARLIQ VƏ ŞƏFFAFLIQ TƏMİN OLUNUB»
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da hesab edir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının ötən illərdəki fəaliyyəti qənaətbəxş olub: «Şura Azərbaycan üçün son dərəcə vacib olan və beynəlxalq donorların dəstək vermədiyi onlarla layihənin maliyyələşməsinə yardım edib. Bu istiqamətdə fəaliyyət göstərən QHT-lər ancaq Şuranın maliyyə dəstəyi ilə bu işləri həyata keçirə bilib. Həmin QHT-lərin gördüyü işlər sayəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına nail olunub. Ölkənin milli maraqlarına xidmət edən, beynəlxalq donorlardan isə dəstək ala bilməyən vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti əlaqələndirilib. Bu baxımdan ötən 4 ildə QHT-lərə Dövlət Dəstəyi Şurası uğurla işləyib və fəaliyyətində aşkarlıq və şəffaflıq təmin olunub. Arzu olunandır ki, gələcəkdə  QHT-lərin hesabatlılıq məsələləri bir qədər sadələşdirilsin. İstər maliyyə, istərsə də təsviri hesabatlılıq bir qədər yüngülləşdirilsin. Hazırda QHT-dən dövlət qurumlarından daha çox hesabat tələb olunur. Həmçinin, Şuraya dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasına ehtiyac var».
Millət vəkili Aqil Abbas da Şuranın qarşıya qoyulan məqsədi doğrultması qənaətinədədir: «QHT-lərə Dövlət Dəstəyi Şurası qarşıya qoyulan məqsədə nail ola bilib. Əvvəla ölkənin milli maraqlarına xidmət edən  vətəndaş cəmiyyəti institutları xarici donorların asılılığından xilas edilib. Həmin QHT-lər keçirilən maliyyə münasibəqələri vasitəsilə öz layihələrini həyata keçirmək üçün maliyyə yardımı ala bilib. Digər tərəfdən isə dövlətin gördüyü işlərə ictimai dəstək verilib və bu istiqamətdə də uğurlu nəticələr əldə edilib. Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində də ciddi işlər aparılıb. Vətəndaş cəmiyyəti institutları da dövlətin bu istiqamətdə gördüyü işlərə dəstək verib. Artıq iki ölkə Xocalı soyqırımını rəsmi şəkildə tanıyıbsa, bu da böyük uğurdur».
«Xocalı soyqırımını tanıtma» İctimai Birliyinin sədri Şamil Sabiroğlu da hesab edir ki, Şura ölkənin milli maraqlarına xidmət edən onlarla layihəyə dəstək verib: «Bu həmin layihələr idi ki, onların reallaşdırılması üçün heç bir xarici donor vəsaiit ayırmaq istəmirdi. Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimayyətinə çatdırılması istiqamətində də ciddi işlər görülüb. Bu mənada Şura gözlənilən ümidləri doğruldub. Dövlətin imkanları artdıqca bu sahəyə də diqqət artırılmalıdır».

Xalid VAHİDOĞLU