Azadlıq indeksinə görə 179 ölkə arasında Azərbaycan 162-ci yerdədir

 “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatı “Dünyada azadlıq indeksi” məruzəsini açıqlayıb. Azərbaycan söz azadlığı sarıdan 179 ölkə arasında 162-ci yerdə dayanır. “Sərhədsiz reportyorlar”ın nümayəndəsi “Turan” İnformasiya Agentliyinə deyib ki, 2011-ci ildə Azərbaycan 10 bənd geriləyib: “İlk növbədə bu, yazar Rafiq Tağının qətli, bloqçuların həbsləri, jurnalistlərə hücumlar, onların oğurlanmasının nəticəsidir. Bu faktların araşdırılmaması hökumətin media siyasətinin göstəricisidir”.
Məruzədə bildirilir ki, Ermənistan 25 bənd irəliləyərək 101-ci yerdən 77-ci yerə yüksəlib. KİV azadlığı sahəsində ən azad ölkələr isə Finlandiya və Norveçdir.