Hökumətlə vətəndaş cəmiyyəti institutları arasında dialoq

Iyulun 2-də Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirdi.Tədbiri giriş sözü ilə açaq QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev respublikamızda vətəndaş cəmiyyətinin formalaşdırılması, QHT sektorunun inkişaf etdirilməsi üçün son illər dövlət tərəfindən atılan addımlar barədə məlumat verdi. Şura sədrinin sözlərinə görə, 2007-ci ildən sonra bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub: «Ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması, QHT-lərin inkişafı üçün dövlətin aydın proqrammı var. 2007-ci ildən sonra dövlət təxminən 4 000 layihənin maliyyələşdirilməsinə təxminən 12 milyon manat vəsait ayrılıb. Bu günkü tədbir də QHT-dövlət münasibətlərinin inkişafı baxımından əhəmiyyətlidir».
Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov keçirilən müzakirələrin  ölkə başçısının təşəbbüsü ilə baş tutduğunu vurğuladı: «Azərbaycanın ictimai həyatında, sosial sahədə ictimai əhəmiyyət kəsb edən və QHT-lərin hansısa şəkildə fəaliyyətinə aid olan bütün məsələləri açıq və şəffaf müzakirə etməyə hazıram. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir. Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik. Vətəndaş cəmiyyəti resursları, QHT-lər ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institutdur. QHT-lər ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır. Bu səbəbdən dövlət QHT-ləri özünə tərəfdaş görür. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai, siyasi, sosial, mədəni, həyatın müxtəlif sahələri, eyni zamanda dövlət siyasətinin prioritetlərini təşkil edir».
Daha sonra mətbuatın iştirakı olmadan vətəndaş cəmiyyəti institutları təmsilçilərinin təklifləri dinlənildi.
Tədbirin sonunda jurnalistlərə açıqlama verən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov vətəndaş cəmiyyəti sektorunun nümayəndələri ilə müzakirələrin tam şəffaf və  səmimi şəraitdə keçirildiyini vurğuladı: «Tədbir 100-ə yaxın QHT nümayəndəsinin iştirakı ilə keçirilib və çox effektiv müzakirələr aparılıb. İki saatdan artıq keçirilən müzakirələr zamanı 34 çıxış oldu. QHT təmsilçiləri tərəfindən 80-dən artıq təklif səsləndirildi. Səslənən təkliflər əsasən qanunvericilik təşəbbüsü, sosial fəaliyyət, təşkilatı məsələlər, qrantların verilməsi, QHT-lərin fəaliyyətinin dəyərləndirilməsi, QHT-dövlət münasibətlərinin tənzimlənməsi ilə bağlıdır. Bütün bu təkliflər ümumiləşdiriləcək, qruplaşdıracaq və QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birlikdə müzakirə olunacaq».
Şöbə müdirinin sözlərinə görə, görüşdə Azərbaycanda vətəndaş cəmiyyətini narahat edən bütün məsələlərinə toxunulub: «QHT-lərin cəmiyyətdə şəffaflığın təmin olunmasında, daxili və xarici siyasətin dəstəklənməsində rolu, hakimiyyətin bu sahədə onlara yarada biləcəyi imkanlar, QHT-lərin formalaşdırılması, qeydiyyatı, fəaliyyətinin təşviq olunması və digər məsələlərə də toxunduq. Demək olar ki, hakimiyyət nümayəndəsi olaraq əksər məsələlərdə onların təkliflərinin konstruktiv olduğunu qeyd etdim. Görüşdə qaldırılan əksər məsələlər, demək olar ki, hakimiyyətin siyasəti ilə tam üst-üstə düşür. Onların qaldırdığı məsələlər eyni zamanda hakimiyyətin arzu və istəyinə uyğundur. Çünki vətəndaş cəmiyyəti quruculuğu Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edir. QHT-lər dövlət və hakimiyyət orqanları ilə bərabər Azərbaycan cəmiyyətinin həyatının ayrı-ayrı sahələri ilə məşğul olmalıdırlar. QHT-lərin fəaliyyəti vətəndaş təşəbbüslərinə söykənir, bu fəaliyyət insan hüquqlarının qorunmasına yönəlib və bu səbəbdən biz bu fəaliyyəti dəstəkləyirik. Hesab edirəm ki, bu cür dialoqlar davam etdirilməlidir. Razılaşdıq ki, QHT nümayəndələri ilə görüşlər və dialoqlar davamlı olsun, gələcəkdə konkret istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə ayrıca görüş keçirilsin».
QHT-lərə verilən qratların bölüşdürülməsi ilə bağlı səsləndirilən tənqidi fikirlərə münasibət bildirən Ə. Həsənov bu məsələnin müzakirəsinin QHT Şurasına həvalə edildiyini vurğuladı: «Bəzi şikayətlər oldu ki, qrantların verilməsi zamanı müəyyən yaxın münasibətlərə və digər amillərə üstünlük verilir. Qrant paylanması prosesində hakimiyyət iştirak etmir. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Şurasından xahiş etdim ki, yığılıb bu məsələni həmin təşkilatların iştirakı ilə müzakirə etsinlər. Onlar nəyə qərar versə, biz o qərarı dəstəkləyəcəyik».