Azərbaycan Mətbuat Şurasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkədə fəaliyyət göstərən KİV-lərin baş redaktorları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri və mətbuat yayım şirkətlərinin rəhbərləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə mətbuatda reklam və qəzet yayımındakı problemlər müzakirə olunub. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bir müddət əvvəl 4 baş redaktor qəzet yayımındakı problemləri müzakirə etmək üçün Ə.Həsənova müraciət ediblər. Mətbuat Şurası bu görüşü təşkil edib. Ə.Həsənov redaktorla görüşməyə və mətbuatın problemlərini müzakirə etməyə hər zaman hazır olduğunu deyib.
Daha sonra çıxış edən redaktorlar qəzet yayımı və reklamla bağlı problemlərdən danışıblar. Tədbirdə qeyd olunub ki, köşklərin götürülməsi, eləcə də səyyar qəzet satışı ilə bağlı problemlər mövcuddur. Şəhərin mərkəzindəki köşklərdə qəzetlər daha çox arxa planda satılır, eyni zamanda köşklər seyrək və görünməyən yerlərdə qoyulub. Rayonlarda qəzet satışı əsas problemlərdən biri kimi göstərilib və mətbuatın kəndlərə gedib çıxmadığı bildirilib. Azərbaycanda cəmi 5 qəzetin səyyar satışını təşkil etdiyi, bəzi yerlərdə isə səyyar satıcıların problemlə üzləşdiyi vurğulanıb.
Tədbirdə çıxış edən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, bəzən mətbuatda müxalifət qəzetlərinin yayım və reklam problemi ilə üzləşdiyi barədə məlumatlar yer alır. Onun sözlərinə görə, qeyd edilən problemlə eyni zamanda dövlət qəzetləri də üzləşirlər. Onların da qəzetinin mətbuat yayımı şirkətlərindən satış haqqını almaqla bağlı problemləri var: «Digər problem isə qəzetlərin bölgələrdə yayımı ilə bağlıdır. Qəzet bölgələrə gedib çıxmır. Bir çox hallarda insanlar özləri söyləyirlər ki, şəhərdə də qəzeti axtarsalar da, tapa bilmirlər». Eyni problemlərə toxunan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə qəzetinin səyyar satışındakı problemlərdən danışıb. R.Arifoğlunun sözlərinə görə, metro stansiyalarının qarşısında satış üçün qoyulmuş yerlər “Eurovision” yarışması ərəfəsində götürülüb və daha sonra bərpa olunmayıb. Mətbuatda və qəzetlərin internet saytlarında reklamların olmamasından danışan R.Arifoğlu reklam siyasətinə yenidən baxılmasına ehtiyac olduğunu söyləyib.
“APA-Group”un baş direktoru Vüsalə Mahirqızı isə iki təkliflə çıxış edib. Reklamla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini təklif edən V.Mahirqızının sözlərinə görə, mövcud qanunvericilikdə dövlət qurumlarının tender və digər elanlarının rəsmi dövlət KİV-lərində yerləşdirilməsi ilə bağlı zəruri qeyd var: « Mən qanundan bu məhdudiyyətin götürülməsi ilə bağlı təklif səsləndirmək istəyirəm. Qoy hər bir dövlət qurumu tender və elanlarını yerləşdirəcək KİV-lərlə bağlı müsabiqə elan etsin. Həmin müsabiqədə qalib olan KİV əgər öhdəliyini normal yerinə yetirəcəksə, o zaman gələn müsabiqədə başqa dövlət qurumu da həmin KİV-lə işləməyə üstünlük verəcək. Dövlətin bizə reklam dəstəyini mən yalnız bu cür görürəm. Çünki dövlətin özəl şirkətlərin reklam büdcəsini formalaşdırmağa təsir etmə mexanizmi yoxdur. Özəl şirkətlər yalnız nüfuzu və tirajı, təsir gücü olan mediaya reklam verəcəklər».
V.Mahirqızı eyni zamanda dövlət qurumlarının qəzet və jurnallarını çap etdirməsi ilə bağlı məsələyə də toxunub. Agentlik rəhbəri bildirib ki, əksər hallarda dövlət qurumlarının tərkibindəki sahə qəzetləri tender və elanları yerləşdirirlər: « Bir çox hallarda heç qanunda qeyd olunan rəsmi mətbuat da o elanları ala bilmir».
«Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı çıxışında reklam azlığının səbəblərindən danışıb. “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov isə qanunvericiliyə dəyişiklik təklifi ilə çıxış edib. Baş redaktor bildirib ki, qanunvericilikdə dövlət qurumları üçün ayrılmış büdcənin 1%-ni təbliğat və reklama ayırması barədə dəyişiklik etmək olar.
Daha sonra digər redaktorlar öz təkliflərini bildiriblər. Çıxışlarda mətbuatda sosial reklamların verilməsi ilə bağlı təkliflər səsləndirilib. Qeyd olunub ki, müəyyən dövlət qurumları mediadan sosial reklamların verilməsi üçün istifadə edə, bu reklamlar da mətbuatın güclənməsinə təsir göstərə bilər.
Ə.Həsənov yekun çıxışında bildirib ki, bütün təklifləri qeyd edib və onlara isti yanaşır: “Azərbaycan dövləti media və söz azadlığına dəstək verib və bundan sonra da belə olacaq”. Mətbuatın problemlərinin həlli üçün hər zaman baş redaktorlarla görüşməyə hazır olduğunu deyən Ə. Həsənov bildirib ki, müasir innovasiyaların tətbiqi çap mediasının müəyyən dərəcədə gecikməsinə səbəb olub. Buna görə də insanlar daha çox informasiyanı saytlardan almağa üstünlük verirlər. PA rəsmisi yayım prosesindəki problemlərin aradan qaldırılması istiqamətində yayım şirkətlərinin rəhbərləri ilə ayrıca görüş keçirəcəyini də vurğulayıb: «Artıq dünyada medianın reklam hesabına yaşaması qəbul olunub. Biz yayımla bağlı yaranmış bəzi problemlərin də həllinə çalışacağıq. Amma indiki halda qəzet satışından gələn gəlirlə inkişaf etmək real deyil. Mən dövlətin reklam bazarında məhdudiyyətlər yaratması fikri ilə də razı deyiləm. Bakıda yüzlərlə özəl klinika, minlərlə şadlıq evi var, orta sahibkarlıq inkişaf edir. Belə olan halda reklam verilməsinin qarşısının alınmasından söhbət gedə bilməz. Sadəcə, menecment qurulmalı, reklam verənlərlə söhbət edilməli, onlar inandırılmalıdırlar. Azərbaycanda internet saytları, televizilayar reklamdan gəlir götürə bilirlər. Ona görə də əsas istiqamətlərdən biri də qəzetlərin internet resurslarını gücləndirmək olmalıdır».
Ə.Həsənov reklamla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi üçün də təhlillər aparılacağını da qeyd edib. Sosial reklamlarla bağlı məsələyə toxunan Ə.Həsənov bunun zəruriliyi barədə fikirlərini açıqlayıb. O qeyd edib ki, təkliflərlə bağlı PA ictimai-siyasi şöbəsində təhlillər aparılacaq, həmin təkliflər müzakirə olunduqdan sonra müvafiq ümumiləşdirilmələr aparılaraq ölkə başçısına da məruzə olunacaq.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi