Yanvarın 26-da Bakıda ictimai-siyasi fəallar, əsasən gənclərdən ibarət olmaqla, İsmayıllıda baş verən hadisələrə və “Binə” ticarətçilərinə qarşı zorakılıq işlədilməsinə qarşı etiraz məqsədilə aksiya keçirib. Bakıdakı fəallar paytaxtda belə bir aksiya keçirməklə İsmayıllıdakı etirazların qarşısının sərt şəkildə alınmasına diqqət çəkmək istəyirlər. Bir neçə gün əvvəl sosial şəbəkələrdə belə bir aksiyanın keçiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. “Silahları üstümüzdən çəkin” «İsmayıllı yatmayıb, Qeyrətini satmayıb!», «İsmayıllı oyaqdı, Bakı ona dayaqdı!», «Silahları rədd edin!», «Binə”dən əl çəkin!», «Əxlaqımı satmıram!», «İsmayıllı meydana, Əxlaqsızlar zindana!» şüarları ilə keçirilən aksiyada 100-ə yaxın etirazçının saxlandığı bildirilir. Saxlanılanlar arasında tanınmış vəkil, hüquq müdafiəçisi İntiqam Əliyev, Məlahət Nəsibova, jurnalist Şahvələd Çobanoğlu, Aynur İmanova, araşdırıcı jurnalist Xədicə İsmayılova, blogger Emin Milli də olub. Onların Xətai, Nəsimi və Səbail rayon polis idarələrinin bölmələrində saxlandığı deyilir. Saxlanılanlardan bəziləri elə bu gün 400 manatdan 2000 manatadək cərimə olunaraq azadlığa buraxılıb.
Beynəlxalq hüquq müdafiə təşkilatı olan “İnsan Haqları Evi Fondu” bu gün Bakıda keçirilən etiraz aksiyası zamanı kütləvi həbsləri pisləyib. Təşkilatın yaydığı bəyanatda deyilir:
“Tanınmış blogger Emin Milli, hüquq müdafiəçisi Məlahət Nəsibova, araşdırıcı jurnalist Xədicə İsmayılova, vəkil və hüquq müdafiəçisi İntiqam Əliyev də daxil olmaqla dinc etiraz aksiyasında 40-dan çox adam saxlanıb və bu AŞPA-da Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edilməsindən 2 gün sonra baş verib.
Hansı ki, bu qətnamə Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərinə hücum və təqibləri dayandırmağa çağırır”. Təşkilatın Şərqi Avropa üzrə regional menenceri Ane Tusvik Bonde, bildirir ki, Məlahət Nəsibova da daxil olmaqla bir sıra hüquq müdafiəçisinin Strasburqdakı bu iclasdan qayıtmasından cəmi 2 gün sonra həbsi dərin narahatlıq doğurur.
O qeyd edir ki, bu kütləvi həbslər göstərir ki, Azərbaycan hakimiyyəti tənqidi səsləri boğmaq üçün həbslərdən vasitə kimi istifadə edir.
“İnsan Haqları Evi Fondu” bu həbsləri qəti şəkildə pisləyir, Azərbaycan hakimiyyətini onları təcili və heç bir şərtsiz azad etməyə, habelə beynəlxalq aləmi Azərbaycan hakimiyyətindən tənqidi fikirlərə görə cəzalara son qoyulmasını tələb etməyə çağırır.
VİDEO
http://www.youtube.com/watch?v=nhsJgWgcFgQ
http://www.youtube.com/watch?v=_5V9OM01D3Q
https://www.youtube.com/watch?feature=player_embedded&v=P_1SYfRNw8U#!
http://www.youtube.com/watch?feature=player_embedded&v=ZHT__wDV_AA
http://www.youtube.com/watch?feature=player_embedded&v=VH-a2vWW00I#!
http://www.youtube.com/watch?v=viHpFisfbRI&feature=share