İsmayıllıda xalq üsyan etdi (Yenilənir)

aksiya_ism_1İsmayıllıda əhalinin etiraz aksiyası bu gün də davam etdirilib. Səhər saatlarından İsmayıllı rayon İcra Hakimiyyətinin (İH) binasından bir qədər aralıda xeyli insan toplaşıb. Toplaşanlar icra hakimiyyətinin  başçısı Nizami Ələkbərovun istefasını tələb ediblər. Burada aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib. «Azadlıq» radiosunun yaydığı məlumata görə, aksiya iştirakçılarından saxlanılanlar var. Aksiyaçılar icra başçısının onların qarşısına çıxmasını, həbs olunanların azad edilməsini tələb edir. İsmayıllının rayon mərkəzi ilə kəndlər arasında post qurulub. Qəbələ və Göyçaydan gələn yollar da polis nəzarətinə götürülüb.  Həmçinin, rayondakı inzibati binalar mühafizə olunur. Əraziyə Daxili Qoşun hissələri, Çevik Polis Alayının, İsmayıllı və digər rayonların polis şöbələrinin əməkdaşları cəlb olunub. Artıq məsələyə millət vəkilləri, ziyalılar və siyasilər də münasibət bildirib.
Baş verənlərə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da münasibət açıqlayıb. “Trend”ə  açıqlamasında Ə.Həsənov vurğulayıb ki, İsmayıllıda baş verən hadisənin təqsirkarları öz layiqli cəzalarını alacaqlar: «Bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltməyə cəhd edirlər. İnsanlardan öz məqsədləri üçün istifadə etməyə, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına qarşı qeyri-qanuni hallar yaratmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət orqanlarının fəaliyyətini iflic etməyə, həmçinin dövlət orqanlarına, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə ziyan vurmağa cəhdlər göstərirlər. Rayon əhalisini belə təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırıram».
“Bu olayın səbəbkarları və hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar ciddi cəza alacaqlar. Belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanuni funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə bilməyəcəklər. Düşünürəm ki, həmişə dövlətçiliyə sədaqəti ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi bəzi təxribatçı qüvvələrin onlardan vasitə kimi istifadə edərək öz subyektiv ambisiyalarını həyata keçirmələrinə imkan verməyəcək”, – Ə.Həsənov bildirb.

«HADİSƏNİN SƏBƏBLƏRİ BARƏDƏ TAM ARAŞDIRMA APARANDAN SONRA ƏTRAFLI MƏLUMAT VERMƏK OLAR»

İsmayıllı rayonundan olan millət vəkili Novruz Aslanov baş verən hadisələrlə bağlı artıq həmin rayonda olduğunu vurğulayıb: «Burada icra hakimiyyətinin başçısı ilə görüşüb müzakirələr apardıq. Həmçinin, sakinlərdən də bir qrupunu qəbul edib problemlərini dinlədik. Münaqişə əsasən baş verən yol qəzası nəticəsində yaranıb. Sonra o münaqişə xoşagəlməz hallara çevrilib. Qəzetlər yazır ki, guya dünən baş verənlər xalq üsyanıdır. Qətiyyən belə deyil. Burada məişət zəminində olan bir konflikt baş verib. Heç bir xalq üsyanından söhbət gedə bilməz. İsmayıllılar dövlətçiliyə sadiq insanlardır. Bu məsələləri qarışdırmaq lazım deyil. Hələlik buradayam, araşdırmalar aparırıq. Hadisənin səbəbləri barədə tam araşdırma aparandan sonra ətraflı məlumat vermək olar».
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə məsələnin tam araşdırılmasının vacibliyini bildirib: «İsmayıllıda baş verən hadisə ilə bağlı onu deyə bilərəm ki, hüquq-mühafizə orqanları bu məsələyə aydınlıq gətirməlidir. Kimin ürəyi nə istəyir deyə bilər. Bu onların fikirləridir. Məsələ sırf rəsmi qaydada aydınlaşdırıldıqdan sonra hər şey məlum olacaq. Hələlik bilinmir hadisə nə ilə bağlıdır, niyə baş verib, burda xarici qüvvənin əli var, daxili qüvvənin əli var? Bunlar hələlik bilinmir. Bizdə bu məsələyə öz münasibətimizi bildirəcəyik».
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov isə mətbuata açıqlamasında baş verənlərin iki nəfər şəxs arasında yaranan insidentdən sonra başlandığını bildirib: «Onların maşınları toqquşub. Daha sonra isə hadisələr xoşagəlməz istiqamətdə davam edib. Birinci otelə hücum olub, sonra isə hansısa qeyri-sağlam qüvvələr onları mənim evimə yönəldib. Amma indi, şükür Allaha, hər şey normaldır. Rayonda hər şey öz axarında davam edir. Rayon rəhbərliyi də rayondadır, hər şey öz qaydasındadır. Hazırda istintaq gedir. Məsələni istintaq qurumları araşdırır, ona görə də biz dəqiq deyə bilmərik».
İstefasının tələb edilməsinə münasibət bildirən icra başçısı qeyd edib ki, ona bu səlahiyyəti ölkə Prezidenti verib və  5-10 nəfərin tələbi ilə istefaya getməyəcək.

«İSMAYILLILAR ELƏ MƏDƏNİ İNSANLARDIR Kİ, YURDUNDAN NƏYİN SATILIB, NƏYİN ALINMASINA DİNMİR»

Azərbaycanın tanınmış şairi, sabiq deputat Musa Yaqub doğulduğu İsmayıllı rayonunda baş verən gərgin olaylara münasibət bildirib. M.Yaqub Modern.az saytına açıqlamasında doğulub boya-başa çatdığı İsmayıllıda sakinlərin etiraz aksiyası keçirməsinə bəraət qazandırıb. O, son vaxtlar İsmayıllıda məmur özbaşnalıqlarının geniş vüsət aldığını bildirərək, baş verən hadisənin gözlənilən olduğunu deyib.
“Bilirsiz ki, camaatın içində narazılıq var. Amma bu narazılığı məmurlar, rəhbərlər başa düşmürlər. İsmayıllılar elə mədəni insanlardır ki, yurdundan nəyin satılıb, nəyin alınmasına dinmir. Baş verənlərə səbr edir, dayanır. Bu məmurlar İsmayıllını yeyib-dağıdırlar, sonra xalqı söyürlər. Gəlmisən İsmayıllıya, yeyib-içib hər şeyi dağıdırsan, sənə göz yumurlar, bəs milləti niyə təhqir eləyirsən? Mənim ürəyim yanır ki, İsmayıllı gör kimlərin əlindədir. İsmayıllılar indiyədək bu qədər qəzəbli olmayıblar. İnsanlar artıq bu haqsızlığa, ədalətsizliyə dözə bilmirlər. Meşələrimiz satılıb, torpaqlarımız satılıb, İvanovkamız satılıb. Bu bəs deyil? Başa düşmürəm onlar nə istəyirlər? Yeyib talayırsınız, üstəlik durub sadə insanları söyürsünüz də… Camaat  buna necə dözə bilərdi? Məmurlar özlərinə gəlməlidirlər. Bu qədər də özbaşnalıq olmaz. Min illərdir bu torpaq ismayıllılarındır. Ora mənim yurdumdur. Biz oralıyıq. Amma dünən vəzifəyə gələn birisi rayonu satıb yeyir, bu azmış kimi milləti də söyür. Yaxşı ki, millətimizdə heç olmasa bu kimi harınlamış insanların söyüşlərinə, təhqirlərinə qarşı dözüm yoxdur. Mən öz millətimdən buna görə də razıyam”,- deyə M.Yaqub narazılığını ifadə edib.

«KÜTLƏVİ MÜNAQİŞƏNİN BAŞ VERMƏSİNİN SƏBƏBKARLARI EMİL ŞƏMSƏDDİNOV VƏ ELMƏDDİN MƏMMƏDOV TUTULUBLAR»

Baş verən hadisə ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq və Daxili Işlər Nazirliyinin mətbuat  xidmətlərinin yaydığı birgə məlumata görə, yanvarın 23-də saat 21.30 radələrində İsmayıllı şəhərində “Çıraq” otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektirik dirəyinə çırparaq qəza törətməsi olub. Sonradan sürücü  və sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetiriblər. Əhalinin sıx olduğu yerdə baş verən hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildiriblər. E. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş verən münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub.
Bundan sonra desturuktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstəriblər. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş verən hadisənin daha da genişlənməsinin qarşısı alınsa da həyətdə olan bir ədəd avtomobil yandırılıb. İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulublar.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gediblər. Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır ciayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmış, istintaq aparılır.

24.01.2013

Musavat.com-un hadisə yerində olan amakdaşının İsmayıllıdan verdiyi xəbərə görə, hava qaraldıqdan sonra şəhərin mərkəzində həyəcanlanma və gərginlik daha da artıb.

Bildirilir ki, insanlar 15-20 nəfərlik qruplarla rayon mərkəzinin əsas meydanlarına toplaşmağa cəhd göstərirlər. Onların ümumi sayının hələlik 200 nəfərdən bir az artıq olduğu deyilir.

Qeyd edək ki, artıq İsmayıllıya çox sayda hərbi texnika və canlı qüvvə yeridilib.

19:27

Əməkdaşlarımızın İsmayıllıdan verdiyi xəbərə görə, hava qaraldıqdan sonra şəhərin mərkəzində həyəcanlanma və gərginlik daha da artıb.

Bildirilir ki, insanlar 15-20 nəfərlik qruplarla rayon mərkəzinin əsas meydanlarına toplaşmağa cəhd göstərirlər. Onların ümumi sayının hələlik 200 nəfərdən bir az artıq olduğu deyilir. Müxbirimiz Elşən Məmmədəliyev deyib ki, vətəndaşlar rayon mərkəzindəki məscidin önünə toplanıblar. Artıq toplumun içərisindən “istefa” şüarları səsləndirilməyə başlanıb. Polisə isə döyüş hazırlığı əmri verilib. “Toqquşma ehtimalı böyükdür, çünki camaat polisin meqafonla etdiyi xəbərdarlıqlara baxmayaraq, dağılışmır”, deyə müxbirimiz yaranan vəziyyəti dəyərləndirib.

Bu cümlələri deyərkən, onun telefonundan atəş səsləri gəlməyə başladı. “Səs bombası atırlar”, deyə müxbirimiz bildirdi. Az sonra isə məlumat aldıq ki, əraziyə toplaşanlar polis gücü tərəfindən oradan uzaqlaşdırılıb.

Qeyd edək ki, artıq İsmayıllıya çox sayda hərbi texnika və canlı qüvvə yeridilib.

***

Bu dəqiqə (20.30) aldığımız xəbərə görə, İsmayıllıda vəziyyət yenidən gərginləşib. Mərkəzi küçələrə toplaşan insanlar İcra Hakimiyyəti başçısının ünvanına “İstefa” şüarları səsləndirirlər.

***

Əməkdaşlarımız xəbər verir ki, havaya atılan atəş səsləri gəlir. İnsanlar İH binasına doğru keçmək istəyirlər, ancaq polislər mane olurlar. Polislər gözyaşardıcı qazdan istifadə ediblər. Gənclər köhnə təkərlərdən barrikada qurur və onları yandırırlar.

25.01.2013

İsmayıllı rayonunda vəziyyət nisbətən sabitləşib. Artıq hüquq-mühafizə orqanları şəhərə nəzarəti tam ələ alıb. Şəhərdə qurulan polis postları isə götürülüb, xidmət obyektləri, idarə və müəssisələr fəaliyyətini bərpa edib. Aksiyalarda saxlanılan şəxslərdən bəziləri isə sərbəst buraxılıb. Dünən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, Yeni Azərbaycan Partiyasının funksionerləri Əli Əhmədov, Mübariz Qurbanlı, millət vəkili Novruz Aslanov və rayonun icra nümayəndiliyinin əməkdaşları iştirak edib. Görüşdə çıxış edən DİN rəsmisi Cavanşir Məmmədov mövcud vəziyyətdən danışaraq bir neçə nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu və barələrində həbs-qətimkan tədbiri seçildiyini bildirib:  «Prosesdə iştirak edilən müəyyən adamlar da məsuliyyətə cəlb edilib. Hadisə zamanı ayrı-ayrı vətəndaşlar, o cümlədən polislər xəsarət alıb. Hadisə başlanılan gün üç polis, dünən isə bir polis işçisi xəsarət alıb. Faktla əlaqədar DİN və prokurorluğun nümayəndələri rayona ezam olunublar və araşdırmalar davam etdirilir. Bütün hadisələrin qarşısı alınıb və alınacaq. Hər şey hüquqi müstəvidə davam etdiriləcək. Ayrı-ayrı sakinlər bizə öz minnətdarlığını bildirir və biz də onlara minnətdarlığımızı bildiririk. Mən gənclərə müraciət, xahiş edib onları bu məsələlərdən çəkindirirdim. Kanalizasiya lyuklarını çıxarıb şahmat şəklində yola düzüblər ki, polis maşınları keçə bilməsin. Bir neçə yerdə yanğın törədiblər. Dünən və bu gün insanları istiqamətləndirməyə çalışanlar olub. Biz onlara qarşı tədbir görəcəyik».

Video

https://www.youtube.com/watch?feature=player_embedded&v=bS4wtjlwHyE

https://www.youtube.com/watch?feature=player_embedded&v=-AZ7hH7U8P4

http://www.youtube.com/watch?feature=player_embedded&v=KSvc6GhDRsY

http://www.youtube.com/watch?v=9HgJBuOVzt0&feature=player_embedded

https://www.youtube.com/watch?feature=player_embedded&v=Q2pyUR1aPJI

http://www.youtube.com/watch?v=QsqbJLJKYUA

http://www.youtube.com/watch?v=xbxZKreJFwA