Regional İnsan Hüquqları və Media Mərkəzi birinci oldu

sekil 2Regional İnsan Hüquqları və Media Mərkəzi  2017-ci ildə “Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyasının qalibi oldu.  Belə ki, bu gün  2017-ci ildə İKT və elektron hökumət sahəsi üzrə gənclərə yönəlmiş layihələrin yekunlaşdırılması, “Gənclər üçün Elektron Hökumət” adlı müsabiqənin qaliblərinin elan edilməsi və gənclər təşkilatları ilə müzakirələrin aparılması məqsədilə “Gənclər üçün Elektron Hökumət” konfransı keçirildi. Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəklədiyi maarifləndirici layihələrin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun İKT sahəsi üzrə maliyyələşdirdiyi layihələrin hesabat təqdimatları oldu.

Konfrans çərçivəsində “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qalibləri mükafatlandırıldı. Belə ki, “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı təşkilat nominasiyası üzrə – “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyi, “Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyası üzrə “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi, “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs nominasiyasında“Elektron Hökumət”in təbliği üzrə interaktiv dərs vəsaitinin müəllifi Ofeliya Mazanova, “Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az portalının inkişafı üzrə ən yaxşı təklif” nominasiyası üzrə “Biznes mühitinin Elektron hökumət portalına inteqrasiyası” təklif layihəsi ilə Orxan Kərimov birinci yerə layiq görüldü.

Qeyd edək ki, tədbir  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan  Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə təşkil olunub.

Məlumat üçün bildirək ki, Regional İnsan Hüquqları və Media Mərkəzinin ekspertlərinin Avrasiya  Əməkdaşlıq Fondu  və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  həyata keçirdiyi fəaliyyət Bərdə, Ağdam, Göygöl, Mingəçevir, Yevlax,  Ağdaş, İmişli, Tərtər və Ağcabədi  rayonlarının ərazisini əhatə edib. Layihənin məqsədi ölkədə rüşvətxorluğun, korrupsiyanın, bürokratiyanın aradan qaldırılması, şəffaflığın təmin olunmasına yardım edən elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsi olub. Layihə çərçivəsində 9 rayonda təşkil olunan məlumatlandırma sessiyasında 129 nəfəri kişi, 332 nəfəri isə qadın olmaqla 461 nəfər elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlandırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq şəraitində 125 nəfərə “Elektron hökumət” portalından istifadə üçün istifadəçi adı və şifrə verilib.

Region gənclərinin elektron xidmətlərlə bağlı məlumatlandırılması üçün 4 televiziya verilişi və 1 sosial çarx hazırlanıb.

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Bərdə və Ağdam rayonlarında təşkil olunan xidmət mərkəzlərində 232 nəfər kişi, 142 nəfər qadın olmaqla, 374 nəfər region sakininə elektron xidmətlərdən istifadədə köməklik göstərilib.

Elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlandırılması istiqamətində həyata keçirilən fəaliyyətlə bağlı 7 vedeo, 71 çap məlumatı yayılıb.