“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi “Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə hüquqi dəstək”layihəsinin icrasını davam etdirir. Layihənin icra planına uyğun olaraq artıq Gəncə, Tərtər və Ağdam rayonuna səfər təşkil olunub. Səfər çərçivəsində şəhid ailələri, qazilər və müharibədən zərər çəkən şəxslərlə görüşülüb. Görüş zamanı təşkilatın rəhbəri Xalid Kazımov layihənin məqsədləri ilə bağlı iştirakçılara məlumat verib.
Bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunur. Layihənin məqsədi şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qanunvericiliklə müəyyən edilən hüquqları ilə bağlı maarifləndirmə işi aparılması, həmin sosial qrupdan olan insanlara hüquqi konsultasiya xidmətinin göstərilməsi, məhkəmədə müdafiəsinin təşkil edilməsi ilə hüquqlarının qorunmasına dəstək verməkdir.
Daha sonra vurğulanıb ki, layihə çərçivəsində sosial mediada Azərbaycanda şəhid ailələri, qazilər, müharibə iştirakçıları və müharibədən zərər çəkən digər şəxslərə qanunvericiliklə verilən hüquqlarla bağlı maarifləndirmə işi aparılır. Həmçinin, müharibədən zərər çəkən şəxslərin hüquqları ilə bağlı məlumatın toplandığı “Hüquq bələdçisi” adlı buklet hazırlanaraq çap edilib. Həmin buklet həm görüş zamanı iştirakçılara paylanılıb, həm də Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə, Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə və Ağdam Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə təhvil verilib.
Daha sonra tədbirdə layihənin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov şəhid ailələri, qazilər və müharibə iştirakçılarını dinləyib. Həmin şəxslərin hüquqları və qarşılaşdıqları hüquqi problemlərin həlli yolları ilə bağlı suallarını cavablandırıb. Gəncə şəhərində 13 nəfər, Tərtər rayonunda 10 nəfər, Ağdam rayonunda 10 nəfərə hüquqi konsultasiya xidməti göstərilib.
Əsas müraciətlər əlilliyin təyin edilməsindən imtina, əlilliyə görə verilən pensiyanın dayandırılması, I Qarabağ müharibəsi iştirakçılarına Müharibə Veteranı adı verilməməsi, Müharibə Veteranı adı verildikdən, müavinət təyin olunduğu zamandan əvvəlki 3 ilə görə müavinətin verilməsi ilə bağlı olub. Bundan başqa müharibə iştirakçılarının mənzil növbəsinə götürülməsi, müharibədə zərər çəkən mülki şəxslərə əlillik təyin edilməsi, işlə təminatla bağlı müraciətlər olub. Vətəndaşların problemlərininin həlli ilə bağlı müraciətlər qarşıdakı müddətdə hüquqünas tərəfindən hazırlanaraq aidiyyatı dövlət qurumlarına göndəriləcək.
Qeyd edək ki, hüquqi konsultasiya xidməti həm onlayn, həm təşkilatın Bərdə rayonundakı ofisində, həm də Tərtər, Gəncə, Ağdam, Cəlilabad, İsmayıllı, Qusar rayonlarına səyyar səfərlər zamanı göstərilir. Hüquqi yardım həm bilavasitə, həm də “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə də hüquqi məsləhətlər veriləcək. Ehtiyac olduqda şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apellyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil ediləcək. Hazırlanan sənədlər (ərizə, şikayət, müraciətlər, məhkəmələrə iddia, apellyasiya və kasasiya şikayətləri) birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, əlilliyi olan şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara çatdırılacaq.