Yevlax rayonunda hüquqi problemi olan həssas qruplardan olan vətəndaşlara hüquqi konsultasiya xidməti göstərilib. Öncə iştirakçılara təşəbbüsün məqsədi, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlə bağlı məlumat verilib. Daha sonra vətəndaşlar ümumi və fərdi şəkildə qəbul edilib onların sualları cavablandırılıb. Müraciətlər əsasən ailə münasibətləri, nikah pozulduqdan sonra əmlak bölgüsü, mediasiya, şəxsiyyət vəsiqəsi ilə təminat, dayandırılan əlillik müavinətinin bərpası, işlə təminat və özünüməşğulluq proqramında iştirakla bağlı olub. Görüş zamanı 11 nəfərə hüquqi konsultasiya xidməti göstərilib. Onlardan 4 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.
Qeyd edək ki, bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Təşəbbüsün əsas hədəf qrupu işsizlər, iş axtaranlar, əlilliyi olan şəxslər, sosial müdafiəyə ehtiyacı olanlar, məişət zorakılığından əziyyət çəkənlər, övladını təkbaşına böyüdən qadınlar, hüquqi yardıma ehtiyacı olan digər aztəminatlı şəxslərdir. Təşəbbüs çərçivəsində Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarında aztəminatlı şəxslərə hüquqi konsultasiya xidməti göstərilməsi nəzərdə tutulur. Bundan əlavə, bütün ölkə ərazisindən onlayn müraciət edən aztəminatlı şəxslər “qaynar xətt” xidməti, “Facebook”, “Instagram” və “WhatsApp” vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala biləcəklər. Təşəbbüs çərçivəsində, həmçinin onlayn media resursları və yuxarıda qeyd edilən sosial media səhifələri vasitəsilə hüquqi maarifləndirmə xarakterli məlumatlar paylaşılacaq.
Təşəbbüsün icra müddətində hədəf qrupu tərəfindən ən çox müraciət edilən hüquqi problemlərin həlli ilə bağlı hüquqşünasın izahatı olan 10 video çəkilərək təşkilatın “Youtube” səhifəsində (https://www.youtube.com/@pulsuzhuquqiyardim) paylaşılıb.
Təşəbbüsün sonuncu mərhələsində Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarından olan həssas qrupların nümayəndələri sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin qurulması və idarə olunmasına dair təlimə cəlb olunacaqlar. İşsiz və işaxtaran şəxslər üçün təşkil ediləcək özünüməşğulluq və biznes fəaliyyətlərinin qurulmasına dair təlim zamanı iştirakçılara sahibkarlıq subyekti kimi onlayn qeydiyyat, kredit alınması üçün onlayn müraciət və biznes-plan hazırlanması bacarıqları öyrədiləcək. Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə biznes-plan hazırlanmasında kömək ediləcək.
Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinə məxsus “Həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək” təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Vahidoğlu konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilir.