Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

resul ceferovBakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib. R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.Onu da bildirək ki, Rəsul Ağahəsən oğlu Cəfərov 17 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Qərb Universitetinin beynəlxalq hüquq fakültəsini (bakalavr), 2006-cı ildə isə həmin universitetin Avropa hüququ fakültəsini (magistratura) bitirib. 5 iyul 2007-ci ildən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) hüquqşünas kimi fəaliyyətə başlayıb, 1 may 2009-cu ildən həmin qurumun Media monitorinqi layihəsinin koordinatoru vəzifəsində çalışıb. 2009-cu ilin avqustundan “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin sədridir. 2011-ci ilə kimi, RATİ-də fəaliyyət göstərib. Hazırda 2010-cu ilin dekabrında yaranan İnsan Haqları Klubunun sədridir. 20 yaşında olarkən atasını itirib. Subaydır.
2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya Mahnı Müsabiqəsindən əvvəl yarışmadan istifadə edərək, Azərbaycanda insan haqlarının vəziyyətinə diqqəti cəlb etmək məqsədilə təşkil edilən “Demokratiya naminə oxu” festivalının koordinatoru olub. Rəsul Cəfərov həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir. O, daha çox “Sing for Democracy (“Demokratiya naminə oxu” kampaniyasından tanınır. Iddialara görə, onun həmin dövrdəki fəaliyyəti iqtidarın yadından çıxmayıb və məhz bu fəaliyyəti ilə diqqət mərkəzinə gəlib.