Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində ona hökm oxunub. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə İntiqam Əliyev son söz hüququ ilə çıxış edərək özünü irəli sürülən ittihamların heç biri üzrə təqsirli bilmədiyini deyib. Hakim R.Osmanovun sonda oxuduğu hökmə əsasən isə, “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyev 3 il müddətə dövlət və özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbər vəzifələr tutmaq hüquqlarından məhrum edilməklə və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, aprelin 14-keçirilmiş prosesdə çıxış edən dövlət ittihamçısı, prokuror Fərid Nağıyev təqsirləndirilən şəxs İntiqam Əliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə – vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, mənimsəmə və qanunsuz sahibkarlıq üzrə təqsirli bilinib, cinayətlərin məcmusu üzrə 3 il müddətə dövlət və özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbər vəzifələr tutmaq hüquqlarından məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif etmişdi.
Dünən keçirilmiş prosesdə isə hüquq müdafiəçisinin vəkilləri İntiqam Əliyevin təqsirsiz olduğunu bildirmiş, barəsində başlanan cinayət işinə xitam verilməsini, onun barəsində seçilən həbs qəti imkan tədbirinin ləğv edilməsini və irəli sürülən bütün ittihamlar üzrə bəraət hökmünün çıxarılmasını istəmişdilər.
Onu da qeyd edək ki, İntiqam Kamil oğlu Əliyev 30 noyabr 1962-ci ildə Biləsuvar rayonunda anadan olub və elə həmin il də ailəsi ilə birgə Sumqayıta köçüblər, hazırda da bu şəhərdə yaşayır. Ailəlidir, bir oğlu, bir qızı var. 1990-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
Hüquq təcrübəsinə 1990-cı ildən Bakı şəhər Baş Tikinti Trestində hüquqşünas vəzifəsindən başlayıb. 1991-ci ildə ölkədə ilk hüquq firmalarından olan «Advokat Servis» hüquq şirkətini təsis edib. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 2003-cü ildən Azərbaycan Hüquqşünasları Forumunun həmsədridir.
Xəzər, Qərb, Azərbaycan, Odlar Yurdu universitetlərində mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib.
20 ildən çoxdur ki, vəkillik fəaliyyəti ilə məşğul olur, insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa İnsan Hüquqları Məhkəməsinə 200-dən çox şikayət ünvanlayıb. 40-dan çox işi uğurla başa vurub.
10-a yaxın qanun layihəsinin, «Ailə Məcəlləsinin yozumu», «Mülki Prosessual Məcəlləsinin kommentariyası», «Mətbuat azadlığı», «Uşaq hüquqları üzrə praktikum», «Vəkillik fəaliyyəti», «Ekoloji hüquq üzrə praktikum», «Qeyri-kommersiya hüququ üzrə praktikum», «Avropa İnsan Hüquqları Məhkəməsi» və başqa adda 20-dən çox dərsliyin, praktik vəsaitlərin müəllifidir. Yerli və xarici ölkələrin mətbuat orqanlarında dərc olunan sosial, insan hüquqları, məhkəmə-hüquq islahatları, dövlət quruculuğu, korrupsiya və s. mövzularda yüzlərlə məqalənin müəllifidir.
Dünyanın müxtəlif ölkələrində (ABŞ, Almaniya, Polşa, Macarıstan, Rumıniya, Türkiyə və s.) demokratiyanın inkişafı, qanunun aliliyinin təmin olunması, insan haqlarının müdafiəsi, korrupsiya ilə mübarizə, mətbuat və birləşmək azadlığı, məhkəmə və həbsxana sisteminin islahatı və s. mövzularda onlarla beynəlxalq konfrans, seminar və simpoziumlarda iştirak edib və məruzələrlə çıxış edib.
ATƏT-in, Avropa Şurasının, ABŞ-ın Milli Demokratiya İnstitutunun, Respublikaçılar İnstitutunun, Amerika Səfirliyinin, Niderland Helsinki Fondunun, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) və başqa beynəlxalq təşkilatların qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. Yerli və beynəlxalq təşkilatların xətti ilə ölkənin müxtəlif regionlarında hakimlər, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları, jurnalistlər, dövlət orqanları, bələdiyyə, qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən 100-ə yaxın təlimlərə aparıcı-ekspert kimi cəlb olunub.
Hüquq müdafiəsi sahəsindəki fəaliyyətinə görə 2013-cü ilin aprelində Çexiyada yerləşən People in Need təşkilatının “Homo Homini” mükafatına, 2014-cü ildə Caucasian Knot media servisinin “Qafqaz qəhrəmanı” mükafatına, həbsindən sonra Norveç Helsinki Komitəsinin “Saxarov” mükafatına layiq görülüb.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi