Enerji oğurluğunda ittiham olunan jurnalistin məhkəməsi başlayır

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı CM-nin 189-1.1-ci maddəsi ilə (elektrik enerjisi oğurlamaq) açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayır. Məhkəmənin hazırlıq iclası sentyabrın 2-i saat 11.00-a təyin edilib. Bu haqda məlumatı RATİ-yə H.Mehdiyevin özü bildirib. “Bu gün mənə Şərur rayon məhkəməsi tərəfindən bildiriş gəlib. Bildirişdə məhkəmənin hazırlıq iclasının 2 sentyabr saat 11.00 təyin edildiyi bildirilib”-deyə Mehdiyev qeyd edib.
Xatırladaq ki, jurnalistə qarşı təzyiqlər iyulun əvvəllərində “Franfurter Algemayne Tsaytunq” qəzetinin icmalçısı Mixael Lüdviqin Naxçıvana səfəri zamanı onu müşayiət etməsindən sonra başlayıb (yerli hakimiyyət almanı Naxçıvana buraxmamağa cəhd edirdi). İyulun 15-də yerli hakimiyyəti Mehdiyevin Şərur rayonunun Cəlilkəndindəki evinin yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində elektrik enerjisindən qanunsuz istifadə bəhanəsi ilə onun evinə enerji verilməsini dayandırıb. Lakin Mehdiyevin sözlərinə görə, o, istifadə etdiyi bütün enerjinin haqqını ödəyib və onun bunu təsdiq edən sənədləri var. O vaxtdan etibarən Mehdiyevlər ailəsi 24 gün işıqsız yaşayıb. ehdiyev 1050 manatlıq elektrik enerjisindən qanunsuz istifadə etməkdə ittiham olunur. Lakin Mehdiyev özü ittihamı saxta, hüquq müdafiə və jurnalist fəaliyyətinə görə cəzalandırılması məqsədi güdən siyasi sifariş hesab edir.