Avqustun 25-də Göyçay Rayon Məhkəməsində hakimi Elxan Süleymanovun sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərovun məhkəməsi keçirilib. Məhkəmədə çıxış edən dövlət ittihamçısı Nəriman Ələkbərov Vidadi İsgəndərovun məhkəmə zamanı gətirdiyi sübutları absurd hesab etdiyini bildirib və onların məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsini istəyib. Dövlət ittihamçısı Nəriman Ələkbərov Vidadi İsgəndərova qarşı irəli sürülmüş ittihamlar üzrə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilməsini tələb edib.
V. İsgəndərovun vəkili Xalid Bağırov prosesdən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, Vidadi İsgəndərov hər hansı cinayət törətməyib və buna görə də ona bəraət verilməlidir.
Onu da qeyd edək ki, hüquq müdafiəçisi Elçin Behbudov, Elçin Abdullayev və Elçin Şirinov Göyçayda Vidadi İsgəndərovla görüşüb, onun polis bölməsində saxlandığı şəraitlə və səhhəti ilə maraqlanıblar.
“Vidadi İsgəndərovun səhhəti normaldır, artıq ona dərmanlar verilir. Onun tək şikayəti saxlandığı yerdə ona gündəlik qəzetləri oxumağa icazə verilməməsidir. Vidadi İsgəndərov mənə bildirdi ki, ona qarşı irəli sürülmüş cinayət işi quramadır və məhkəmə prosesi də ciddi qanun pozuntuları ilə keçirilir”,-deyə Elçin Behbudov bildirib.
Onu da qeyd edək ki, məhkəmə kiçik zalda keçirildiyi halda məhkəmədə polis və məhkəmə nəzarətçilərdən ibarət 16 nəfər məhkəmə zalında idi. Bundan əlavə məhkəmə binasının qarşısında da çoxlu sayda polis əməkdaşları olub.
Məhkəmə prosesi sabah saat 09:30-da müdafiə tərəfinin çıxışı ilə davam edəcək.
Xatırladaq ki, Vidadi İsgəndərli ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçkidə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. İttihama görə seçki zamanı Qarabağlar kəndində yerləşən 16 saylı seçki məntəqəsinə daxil olaraq səsvermənin gedişinə maneçilik törədib. Məntəqə seçki komissiyası tərəfindən aktla sənədləşdirilmiş, küncü səhv kəsilmiş 16 ədədə bülleteni komissiya sədrindən zorla alıb. Bir neçə saat sonra Mirzəhüseynli kəndində yerləşən 17 və Göyçay şəhərindəki Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqələrində də eyni hərəkətləri təkrar edib. Vidadi İsgəndərli bu il aprelin 17-də müxalifətin yeni birliyi olan İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb. O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Bi ittihamlarla o, üç ilə qədər azadlıqdan məhrum edilə bilər.