Bu gün (14 sentyabr) Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 1 il müddətinə vəkillik fəaliyyəti göstərməkdən məhrum edilən, 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırova barəsində çıxarılmış qərar təqdim edilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil X. Bağırovun özü məlumat verib. Vəkil X. Bağırov bildirdi ki, 24 avqust tarixli qərarına görə, onun həmin günə qədər bağladığı müqavilələrin əsasında fəaliyyət göstərə, məhkəmə işlərinə çıxa bilər, amma 24 avqustdan sonra heç bir şəxslə yeni müqavilə bağlaya bilməyəcəyi öz əksini tapıb.
Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında 13 yanvar 2011-ci il tarixdə Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2 ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə 15 aprel 2011-ci il tarixdə xüsusi ittiham qaydasında şikayət verən şəxsin üzrlü səbəb göstərmədən prosesdə iştirak etməməsini və xüsusi ittihamçının vəkilinin qanunla müəyyən edilmiş sənədi olan etibarnamənin mövcud olmadığını əsas gətirərək, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar elan etmişdi. 24 avqust 2011-ci ildə isə Vəkillər Kollegiyası Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciətinə əsasən 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar verib.
Onu da qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyası sentyabrın 14-də vəkil Elçin Namazovun da məsələsinə baxıb. E.Namazov “Media forum” xəbər saytına açıqlamasında deyib ki, İntizam Komissiyası Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin şikayətini haqlı hesab edib. E.Namazovun dediyinə görə, sentyabrın 14-də İntizam Komissiyası məsələni araşdırmadan hakimin şikayətinin haqlı olması haqda rəy verib: “Məsələni heç araşdırmağa da cəhd etmədilər. İndiyədək məhkəmənin haqqımda yazdığı protokolu ala bilməmişəm. Məhkəmə protokolunun alınıb mənə verilməsi, prosesdə iştirak edən dörd vəkilin dindirilməsi haqda vəsatətlər qaldırdım. Amma buna əhəmiyyət verən olmadı. Rəy verdilər ki, mən vəkillik etikasını pozmuşam. İntizam Komissiyası məsələnin Vəkillər Kollegiyasının Rəyasət Heyətində baxılmasını tövsiyə etdi”.
Xatırladaq ki, E.Namazov İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan müsavatçı Rüfət Hacıbəylinin vəkilidir. Avqustun 27-də o, hakim Ş.Abdullayevin qərarı ilə prosesdən uzaqlaşdırılıb. Hakim Vəkillər Kollegiyasına E.Namazovun intizam məsuliyyətinə alınması üçün müraciət edib.
Vəkillər Kollegiyasından 1 illik uzaqlaşdırılan vəkilə qərar təqdim edilib
