Azərbaycanda sərbəst toplaşmaq azadliği ilə bağli məsələ beynəlxalq müzakirəyə çixarilib

İnsan hüquq və əsas azadlıqları ilə bağlı Vyanada davam edən beynəlxalq konfransın ikinci günündə konfransda iştirak edən hüquq müdafiəçiləri Azərbaycanda sərbəst toplaşmaq və birləşmək azadlığı ilə bağlı problemlərə toxunublar. Toplaşma azadlığının 2005-ci il parlament seçkilərindən sonra qadağan edildiyini bildirən hüquq müdafiəçiləri 2011-ci ilin mart və aprel aylarında dinc aksiya keçirmək istəyən müxalifət təmsilçilərinin qanunsuz olaraq həbsini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.
Sülh və Demokratiya İnstitutun direktoru Leyla Yunusa məxsus olan və daha 3 təşkilatın yerləşdiyi ofisin məhkəmə qərarı olmadan sökülməsi, hüquq müdafiəçisi Vidadi İsgəndərovun həbsi və onun vəkili Xalid Bağırovun 1 illik vəkillik fəaliyyətindən kənarlaşdırılması, siyasi işlərə çıxan digər vəkil Elçin Namazovun vəkillik fəaliyyətinə son qoyulması kimi problemlər və onların həllinə çağırışlar səsləndirilib.
Birləşmək azadlığı ilə bağlı qanunvericilikdə boşluqlara toxunan hüquq müdafiəçiləri xüsusilə 2 məsələyə toxunublar, birincisi kommersiya təşkilatlarından fərqli olaraq qeyri-kommersiya təşkilatlarının qeydiyyat müddətinin 2 aya qədər uzatma ilə bağlı müddəanın qanunvericilikdə olması, ikincisi isə Ədliyyə Nazirliyinin istənilən qədər qeydiyyatdan imtina etmə səlahiyyətinin saxlanılması.