Hüquq müdafiəçiləri Azərbaycan rəsmilərini mövcud problemləri müzakirə etməyə çağiriblar

Sentyabrın 28-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi  tərəfindən Varşavada keçirilən beynəlxalq konfrans öz işini davam etdirib. Ədalətli məhkəmə hüququ, Ədliyyə sisteminin müstəqilliyi və qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələlərə həsr edilən paneldə Azərbaycanda bu sahələrdə mövcud olan vəziyyətlə də bağlı müzakirələr aparılıb. Panelə qatılan hüquq müdafiəçiləri, o cümlədən bir neçə beynəlxalq təşkilatın nümayəndələri 2 aprel aksiyasında iştiraka görə həbs edilən şəxslərin, gənc fəallar  Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin, müxalifet partiyasının nümayəndəsi  Şahin Həsənlinin, hüquq müdafiəçisi  Vidadi İsgəndərovun məhz ədliyyə sisteminin müstəqil olmaması və qərarların siyasi sifarişlə çıxarılmasının qurbanı olduqlarını vurğulayıblar.
Tədbirə qatılan İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov tədbirdə iştirak edən Azərbaycan rəsmilərinə müraciət edərək onların Bakıda tikilən yollar və körpülər barədə deyil, hüquq müdafiəçiləri tərəfindən qaldırılan məsələlər ətrafında çıxış etmələrini xahiş edib.
Qeyd edək ki, sentyabrın 27-də konfransın sərbəst toplaşmaq və birləşmək azadlığı ilə bağlı məsələlərə həsr edilmiş panelində Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov hüquq müdafiəçiləri tərəfindən qaldırılan sərbəst toplaşmaq və ifadə azadlığı ilə bağlı problemlərə toxunmadan Bakı şəhərinin tikinti meydanına çevrildiyini və  hüquq müdafiəçilərinin beynəlxalq təşkilatlardan aldıqları qrantların yolların və  körpülərin tikintisinə ayrılan pullardan az olmadığını bildirib. O “Sərbəst toplaşmaq haqqında” qanunun Venesiya Komissiyası tərəfindən müsbət rəy aldığını bildirib.
Onu da əlavə edək ki, Azərbaycandan Varşavada təşkil edilən konfransa hüquq müdafiəçiləri İntiqam Əliyev(Hüquq Maarifçiliyi Cəmiyyəti), Fuad Həsənov (Demokratiya Monitoru) və  Rəsul Cəfərov (İnsan Hüquqları Klubu) qatılıblar.