Məcburi köçkünlərin probleminə QHT-lərin dəstəyi artır

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması və məcburi köçkünlərin problemlərinin həllinə yardım edilməsi Qeyri-Hökumət  Təşkilatlarının da önəm verdiyi məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasından sonra bu iş daha planlı şəkildə aparılır. Əvvəllər beynəlxalq donorlar vətəndaş cəmiyyəti institutlarının bu kimi layihələrinə maliyyə dəstəyi vermədiyindən çətinliklər yaranırdı. Amma Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası isə elan etdiyi qrant müsabiqələrində bu işlərə xüsusi önəm verir. Şuranın bu istiqamətdə gördüyü işlər və yaxın gələcəkdə nəzərdə tutulan məsələlərlə bağlı suallarımızı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru  Fərasət Qurbanov cavablandırdı.
– Fərasət müəllim, Azərbaycanın ən ağrılı problemlərindən biri Ermənistandan və Dağlıq Qarabağdan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsidir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu istiqamətdə hansı işləri görüb?
– Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapan dövlətin QHT-lərə dəstəyinin prioritet istiqamətlərindən biri də Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin, qaçqın və məcburi köçkünlərin  problemlərinin həllinə ictimai dəstəyin göstərilməsi də prioritet mövzular sırasındadır. Bu Konsepsiyaya uyğun olaraq həmin istiqamətlər Şuranın hər il elan etdiyi maliyyə müsabiqəsinin ən vacib istiqamətlərindən biri kimi müəyyənləşdirilir. Bu mövzular üzrə də QHT-lər tərəfindən Şuraya çoxsaylı layihələr təqdim olunur. Əlbəttə, QHT-lərin bu istiqamətdə gördüyü işlərin çox böyük ictimai əhəmiyyəti olmaqla yanaşı, həm də əhalinin məlumatlandırılması, dünya ictimaiyyətinin diqqətini bu problemə yönəldilməsi baxımından da böyük əhəmiyyəti var. Azərbaycan QHT-lərinin icra etdikləri layihələr isə ildən-ilə təkmilləşir və daha qlobal mövzuları əhatə edir. Əgər müstəqilliyin ilk illərində QHT-lər qaçqın və məcburi köçkünlərin ərzaq təminatına, onların sosial məsələlərinin həllinə yardım göstərirdilərsə, bu gün artıq daha geniş tədbirlər həyata keçirirlər. Bunların sırasında Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi işlərini xüsusi qeyd etmək olar. Bu işləri analiz etdikdə isə görürük ki, QHT-lər bu sahədə böyük təcrübəyə yiyələniblər. Həm də artıq faktlara əsaslanaraq tərtib edilən nəşrlərin sayı artıb. Həmçinin, QHT-lər işğal altında olan rayonlarla bağlı kitablar hazırlayıb çap edirlər. Həmin kitablarda işğal altında olan rayonların tarixi, həmin rayonların tarixi-mədəniyyət abidələri ilə bağlı məlumatlar toplanılır. İşğalın vurduğu ziyanlarla bağlı məlumatlar da müxtəlif dillərdə nəşr edilir. QHT-lər təbliğat aparmaq üçün elektron təbliğat vasitələrindən də geniş istifadə edir. Təkcə 2010-cu ildə Şuranın dəstəyilə 9 internet saytı yaradılıb və onlar bu gün də fəaliyyət göstərir. Bu il isə daha 3 internet saytı yaradılıb. Amma hələ il yekunlaşmayıb və bu işlər davam etdirilir. Bu saytlarda Qarabağ həqiqətləri müxtəlif dillərdə dünya ictimaiyyətinin diqqətin çatdırılıb. 14 adda müxtəlif kitab, bukletlər nəşr edilib və ictimaiyyətə çatdırılıb. Bu nəşrlərin 8-i xarici dildə çap edilib. Sonradan isə QHT nümayəndələri xarici ölkələrə tədbirlərə gedərkən bu nəşrləri orada yayıblar. Eyni zamanda 7 film çəkilib. Bu filmlərdə Qarabağ həqiqətlərinin canlı görüntüləri öz əksini tapıb. «Soyqırımı» filmi hətta ABŞ-da da çox böyük maraqla izlənilib. «Ağdam-ruhlar şəhəri» filmi də erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb. Bu il daha 2 film çəkilib, ilin birinci yarısında 7 kitab nəşr edilib.  Dağlıq Qarabağla bağlı  materiallar 9 dildə nəşr edilib. Bunlar azərbaycan, ingilis, rus, türk, alman, fransız, bolqar, yapon  və gürcü dilləridir.
– Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı nə kimi işlər görülüb?
– Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası məcburi köçkünlərin sosial problemlərinin həllinə daim diqqət ayırıb. Məcburi köçkünlərə ayrı-ayrı sosial xidmətlərin göstərilməsi ilə bağlı təlimlər keçirilib. Həmçinin, məcburi köçkünlərə ayrı-ayrı layihələr çərçivəsində pulsuz hüquqi yardım göstərilib. Məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi istiqamətində də iş aparılıb. Artıq məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı onlarla ərizə İnsan Haqları üzrə Avropa Məhkəməsinə göndərilib. Avropa Məhkəməsinə məcburi köçkünlərin hüquqlarının bərpası il bağlı ərizələrin hazırlanıb göndərilməsi işi hazırda da davam etdirilir. Gələcəkdə də bu istiqamətdə tədbirlər görüləcək. Ölkə ictimaiyyətinin, xüsusən, gənclərin diqqətinin bu problemə yönəldilməsi istiqamətində də iş aparılır. Həmçinin, Dağlıq Qarabağla bağlı məsələni daim güdəmdə saxlamaq üçün QHT-lər Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Qax və digər rayonlarda tədbirlər keçirib. Xarici ölkələrdə də tədbirlərin keçirilməsi işi davam etdirilib. Təkcə ötən il 6 xarici ölkədə tədbir təşkil edilib. Bunlar arasında Almaniya, ABŞ, Belçika, Bolqarıstanı xüsusilə qeyd etmək olar. Bu ilin özündə də Şura elan etdiyi maliyyə müsabiqəsində Azərbaycanla bağlı xarici ölkələrdə tədbirlərin təşkili mövzusunu ayrıca istiqamət kimi qeyd edib.  Bu istiqamətdə 9 layihə maliyyələşdirilib. Həmin layihələr Almaniya, Rusiya, Gürcüstan, ABŞ, Yaponiya və Baltikyanı ölkələri əhatə edib. Bu layihələrin sırasında Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə həyata keçirilən layihəni xüsusi qeyd etmək olar. Həmçinin, Qarabağa məxsus mədəniyyətin dünyada təbliğ olunmasına ayrıca diqqət ayrılıb. Yaponiyada Qarabağ həqiqətlərinin təbliği ilə bağlı layihənin icrası nəzərdə tutulur. Eyni zamanda Gürcüstanda azərbaycanlı məcburi köçkün uşaqların gürcüstanlı köçkün uşaqlarla birgə rəsm sərgisinin keçirilməsi planlaşdırılır. Həmin uşaqlar bu yaxınlarda Gürcüstana ezam olunacaq və orada 3 gün müddətində tədbir keçiriləcək. Şura bu məsələni daim diqqətdə saxlayır və həyata keçirilən layihələrin effektivliyini təmin etmək üçün bütün mümkün imkanlardan istifadə edir. QHT-ləri bu məsələlərlə bağlı daha konkret istiqamətlərə yönəltməyi düşünürük. Növbəti illərdə Azərbaycanla bağlı məsələlər dünyanın nüfuzlu QHT-ləri ilə əməkdaşlıq şəraitində təbliğ olunmalıdır. Məhz həmin QHT-lər vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində iş aparılmalıdır. Bununla da hücum xarakterli informasiya müharibəsində qarşı tərəfə heç bir şans qalmayacaq. Yəqin bizim QHT-lərimiz daha fəal olacaq və daha innovativ layihələrlə Şuraya müraciət edəcəklər.
–  Layihəni icra edən hər bir QHT davamlılığın təmin edilməsi ilə bağlı öz üzərinə öhdəlik götürsə də, yaradılan internet saytlarının bir çoxunun fəaliyyəti sonradan tam təmin olunmur. Şura bu saytların daha uzun müddət fəaliyyət göstərməsi üçün hansı addımları atacaq?
– Şura artıq bir neçə saytın fəaliyyətinin davamlılığına dəstək verib. Dəstək isə saytda olan materialların xarici dillərə tərcümə edilib  yayılması ilə bağlı olub. Doğru qeyd etdiniz ki, internet saytını yaradan QHT onun davamlılığını təmin etmək üçün öhdəlik götürüb. Şura da yaradılan saytların daim monitorinqini həyata keçirir. Amma həmin saytların daim işlək vəziyyətinin təmin edilməsi üçün elə də böyük vəsait tələb olunmur. Bu iş üçün sadəcə bir qədər vətəndaş təşəbbüsü lazımdır. Çünki həmin saytın saxlanılması üçün domenin alınması, onun daim virtual məkanda saxlanması üçün internet xərcinin ödənilməsi lazımdır. Azərbaycanda isə internet o qədər də baha deyil. Bu gün həmin saytların əksəriyyətində materiallar var. Yeni materialların yerləşdirilməsi isə böyük bir vəsait və enerji tələb edən iş deyil. Burada qeyd etdiyim kimi bir qədər vətənpərvərlik lazımdır. Əminəm ki, həmin layihələri təqdim dən QHT-lərdə bu vətənpərvərlik hissi var və bunu edəcəklər. QHT Şurasının ayırdığı vəsait hesabına yaradılan saytların heç birinin fəaliyyəti dayanmayıb. Onlar bu gün də virtual məkanda mövcuddur və fəaliyyəti var. Amma hansı QHT-nin yaradılmış saytla bağlı daha mütərəqqi bir təklifi, saytda hansısa yeni bir rubrikanın yaradılması ilə bağlı ideyası olarsa, Şura bu cür innovativ təklifləri dəstəklənə bilər.
– Bəzən belə bir fikirlər də səsləndirilir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı xarici dillərdə çap olunan kitablar həmin ölkələrdə daha çox azərbaycanlılar arasında yayılır. Elə keçirilən təbirlərə gələn vətəndaşların da əksəriyyəti həmin ölkələrdə yaşayan soydaşlarımız olur.
– Həmin filmlərin nümayişi, yaxud çap edilən kitabların yayılması ilə bağlı tədbirlər yalnız azərbaycanlıların iştirakı ilə həyata keçirilmir. Bu tədbirlərə həmin ölkələrin vətəndaşları da qatılır. Həmçinin, həmin ölkələrin siyasi dairələrinin təmsilçiləri də dəvət olunur və onların iştirakı təmin edilir. Əlbəttə, ola bilər ki, orada azərbaycanlıların iştirakı əksəriyyət təşkil edər. Amma bunun özü də çox vacibdir. Çünki həmin materiallar ilk növbədə həmin ölkədə yaşayan diaspor nümayəndələrinə çatdırılmalıdır ki, onların vasitəsilə də digər şəxslər arasında yayılsın. Həmçinin, Şura həmin tədbirlərdə iştirak edən şəxslərin tərkibi ilə daim maraqlanır. Həmin ölkələrin mətbuat nümayəndələri də tədbirlərdə iştirak edir və tədbiri işıqlandırır. QHT özü də təklif verəndə həmin ölkədəki tərəfdaş təşkilatın adını göstərir. Bu da həmin layihələrin qiymətləndirilməsində nəzərə alınır. Bu il xaricdə tədbirlərin keçirilməsi ilə bağlı Şuraya 22 layihə təqdim olunmuşdu və bu amillər nəzərə alınaraq onların 9-u dəstəkləndi. Maliyyələşdirilən layihələrin də digərlərindən üstünlüyü onda idi ki, həmin QHT-lər xaricdə tərəfdaş tapmışdı. Həmin tərəfdaş təşkilatların isə hansı fəaliyyətinin olmasını biz internet vasitəsilə öyrənirik. Həmin QHT-nin ölkəsində ictimaiyyətə təsir imkanları ilə bağlı məlumat əldə edirik. Amma hər bir halda həmin tədbirlərdə müxtəlif təbəqələrdən olan şəxslərin iştirakı vacibdir. Şura da bu layihələri nəzarətdə saxlayır. QHT nümayəndələri səfərə çıxmamışdan öncə həmin təşkilatın nümayəndələri Şuraya dəvət olunur və tövsiyələr verilir. Layihədən sonra həmin ölkələrin mətbuatında çap olunan yazıları da analiz edəndə tədbirlərin əhəmiyyəti görünür.
– Məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi ilə bağlı məsələni gündəmdə saxlanıldığını bildirdiniz. Amma ölkəmizdə məcburi köçkünlərin sayını nəzərə aldıqda Azərbaycandan Avropa Məhkəməsinə göndərilən işlərin sayı xeyli azdır. Gələcəkdə bununla bağlı nə kimi işlər görüləcək?
– Bu məsələ ilə bağlı Şura da daim öz narahatçılığını ifadə edib. Ötən il ən az layihə təqdim olunan, məhz bu sahə idi. Halbuki, Şura ölkə QHT-lərindən bu istiqamətdə daha çox layihə gözləyir. Çünki Azərbaycanda təcrübəli, beynəlxalq səviyyədə tanınan hüquq müdafiə təşkilatları çoxdur. Amma onlar bu sahəyə çox az müraciət edirlər. Ümid edirik ki, gələcəkdə bu mövzuya müraciət edənlər çox olacaq. İnsan hüquqları ilə bağlı layihələr yazarkən, QHT-lər bu məsələyə üstünlük verəcəklər.  Çünki Azərbaycan bu sahədə daha çox ziyan çəkib. Bu gün də ərazilərimizin 20 faizi işğal altındadır. 1 milyona yaxın qaçqın və  məcburi köçkünümüz var. Azərbaycan QHT-ləri həmin məhkəmələri rahat oturmağa qoymamalıdır. Avropa Məhkəməsinə öz doğma yurdlarından qovulan insanların mülkiyyət hüquqlarının bərpası ilə bağlı yüzlərlə yox, minlərlə ərizələr göndərilməlidir. Amma bizim QHT-lərin bəziləri topladığı müsbət təcrübəni hələ ki, bu işə sərf etmirlər.
 – Şura həmin QHT-ləri bu işə daha da həvəsləndirmək üçün əlavə addımlar atmağı düşünür?
– Ənənəvi olaraq Şura hər il qrant müsabiqəsini elan etməmişdən öncə məlumatlandırma sessiyaları keçirir. Həmin sessiyalarda QHT-lərə müəyyən istiqamətləndirici məlumatlar veririk. Bu il bizim elan etdiyimiz maliyyə müsabiqəsində ictimai davranış qaydalarının təkmilləşdirilməsi istiqaməti gələn il Bakıda keçiriləcək mühüm beynəlxalq tədbirə yönəlik bir addım idi. Bununla da biz böyük bir tədbirə ictimai dəstəyi ifadə etdik. Eyni zamanda insan hüquqlarının müdafiəsi hər il elan etdiyimiz qrant müsabiqəsinin istiqamətlərindən biri olur. Həmçinin, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə qorunması ilə bağlı ayrıca bir istiqamət göstərilir. Bu məsələyə Şura çox həssas yanaşır. Məncə QHT-lərə bundan aydın mesaj yoxdur. Amma layihələrin az daxil olması bizi təəccübləndirir. Halbuki, təcrübəli hüquq müdafiəsi sahəsində məşğul olan QHT-lər var ki, onlar bu sahədə daha yaxşı nəticə əldə edə bilərlər.
– Məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi ilə bağlı həmin layihələrdə son hədəfə çatma təmin olunur?
– Şuranın maliyyə dəstəyi göstərdiyi müddətdə ancaq layihələrin təqdim olunma işi gedir. Burada ədalət naminə bir məsələni də qeyd etməliyik. Bu sahədə işlər qısamüddətli olursa, o qədər də effektli olmur. Şuranın maliyyə imkanlarının zəif olması səbəbindən layihələrə ayrılan maliyyə vəsaiti ildən-ilə azalır. Şura tərəfindən ilk müsabiqə zamanı bir layihəyə 20 min manat vəsait ayrılırdısa, daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq hazırda layihələrə verilən maliyyənin maksimum məbləği 6-7 min manata endirilib. Təbii ki, layihələrin məbləği azaldıqca onların icra müddəti də azalır. Bu zaman isə müddətin azlığı layihənin effektiv olmasını tam təmin edə bilmir. Biz istərdik ki, ayrılan vəsait çox olsun ki, bu kimi layihələrə verdiyimiz maliyyə də layihənin effektiv başa çatdırılmasına imkan versin. Şuranın maliyyə imkanları çox olsa, bu layihələrin maliyyələşməsinə verilən dəstək də artıq olar. Bu halda QHT də nəticənin əldə edilməsi üçün uzun müddətlik iş apara bilər. Hər hansı bir ictimai problemin həllinə 2-3 aylıq müdaxilə effekt vermir. Bunun üçün bir illik davamlı olaraq iş aparmaq lazımdır. Bu problem təkcə məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı deyil. Təhsil, səhiyyə, sosial və hüquqi yardım, ekoloji problemlərlə bağlı layihələr də müəyyən uzun müddətli ictimai müdaxilə tələb edən məsələdir. Şura kiçik vəsaitlə problemi gündəmə gətirir, onun haqqında məlumatlandırma həyata keçirir, amma QHT-lərin onun nəticəsini qiymətləndirmək imkanı qalmır. Çünki hər hansı bir məsələ ilə bağlı bir seminar müzakirə keçirərək problemi qaldırmaqla effektiv nəticə əldə etmək olmur. Məhz vəsait azlığı daha uzunmüddətli layihələri icra etməyə imkan vermir. Ümid edirik ki, növbəti ildə Şuraya ayrılan vəsait artırılacaq və bu cür mühüm layihələrə daha böyük məbləğdə vəsait ayıraq mümkün olar.
– Şuraya ayrılan vəsaitin artırılması ilə bağlı hökumət qarşısında təkliflə çıxış etmisiniz?
– Maliyyə məsələsi ilə bağlı Şura daim təkliflər verir. Dövlət büdcəsinin imkanları çərçivəsində Şuraya ayrılan vəsaitin də artırılacağına ümid edirik.
– Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşlarında da bununla bağlı kifayət qədər məlumat yoxdur. Həmin hadisələrin canlı şahidlərinin sayı isə ildən-ilə azalır. Bu istiqamətdə layihələr daxil olurmu və belə layihələrin maliyyələşdirilməsində Şura nə dərəcədə maraqlıdır?
– Qarabağ məsələsi ilə əlaqədar ictimai məlumatlandırmada QHT-lərimiz daha çox hansısa seminar keçirilməsi, hansısa ictmai müzakirələrin keçirilməsinə üstünlük verirlər. Amma sizin dediyiniz kimi Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr baş verib ki, onlarla bağlı Azərbaycan ictimaiyyətində də yetərincə məlumat yoxdur. Bu sırada ayrı-ayrı döyüşçülərin şücaəti, insanların vətən sevgisini göstərən konkret faktlar, erməni vandalizminin nümunələri, orada əsir və girov qalmış insanlara verilən işgəncələr, bu gün işğal altında qalan yerlərin imkanları ilə bağlı təbliğat məsələlərinə önəm verilməlidir. QHT-lər bu istiqamətdə layihələr təqdim etsə də, onların sayı azdır. Nəsillər dəyişir, işğal faktı artıq 19 ilə çatıbsa, demək Qarabağdan kənarda doğulan qarabağlı gəncin 20 yaşı var. Demək, 20 yaşı olan bir gənclər nəsli yaranıb. Eyni zamanda o hadisələrin canlı şahidlərinin bir hissəsi dünyasını dəyişib. Nə qədər ki, o hadisələrin canlı şahidləri sağdır, onlardan maksimum informasiyalar alınmalıdır. Bu məlumatlar gələcək nəsillər üçün çox vacibdir.  Bu mənada həmin məsələlərlə bağlı ölkə daxilində təbirlərin keçirilməsində QHT-lər tənbəlləşməməlidir. Bu məsələ ölkə daxilində də daim gündəmdə olmalıdır. Dövlətin bu istiqamətdə gördüyü işlərə daim ictimai dəstək verilməlidir.
– Son illər məcburi köçkünlərin mənzil və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilib. Amma bir çox hallarda oraya köçürülən insanlar müxtəlif problemlərlə üzləşir. Həmin insanların problemlərinin ictimailəşdirilərək aidiyyəti qurumların diqqətinə çatdırılması üçün Şuranın maraq göstərəcəyi işlər varmı?
– Məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqətindədir. Onlar yeni mənzillərlə təmin edilib. Həmin insanların yeni şəraitə uyğunlaşması məsələsi bir qədər arxada qalıb. Çünki əgər həmin insanlar 10 ildən artıq bir müddətdə çadırlarda ağır şəraitdə yaşayıbsa, bu gün onlar yeni mənzillərlə təmin edilibsə, yeni şəraitə uyğunlaşma onlarda problem yaratmamalıdır. QHT-lər yeni salınan qəsəbələrdə iaşə xidmətinin təşkili məsələlərinə önəm verir. QHT-lər məcburi köçkünlərə kiçik kurslar təşkil edir. Dərzilik, saç ustası, avtomobil ustası, kompüter kursları təşkil olunur. Bununla da gənclərin gələcəkdə məşğulluğunun təmin olunmasına yardım edilir.
– Növbəti ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı hansı işlərin görülməsi nəzərdə tutulur?
– Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi öz siyasi həllini tapmayıb, bu məsələ Şuranın da önəm verdiyi əsas məsələlərdən biri olacaq. Gələn il də Dağlıq Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsinə önəm veriləcək. Şura dövlətin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi işlərə ictimai dəstək göstərilməsinə yenə öz töhfəsini verəcək. Yaxşı olar ki, QHT-lər də elə təkliflərlə çıxış etsin ki, bu əvvəlki illərdə həyata keçirilən işləri təkrarlamasın.
 Xalid VAHİDOĞLU