Gəncədə Mətbuat Evi yaradılacaq

Gəncə şəhərində Mətbuat Evi yaradılacaq. APA-nın qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəzliyev bununla bağlı yaxın vaxtlarda sərəncam imzalayacağını bildirib. Mətbuat Evində Azərbaycan mətbuatının tarixindən bəhs edən Muzey, respublikada fəaliyyət göstərən media orqanlarının yerli əməkdaşları üçün iş otaqları, konfrans zalı, habelə regionda mətbuat yayımı ilə məşğul olanlar üçün otaq nəzərdə tutulur. Mətbuat Evi müasir texnika və avadanlıqlarla təchiz olunacaq. İcra başçısı şəhərdə yeni qəzet köşklərinin qoyulacağını da bildirib.