Avqustun 22-də axşamdan xeyli keçmiş bir qrup naməlum şəxs Naxçıvanda QHT və demokratiyanın inkişaf mərkəzinə hücum ediblər. Hücum edən şəxslər Mərkəzin əməkdaşı İlqar Nəsibovu qəddarcasına döymüş və ofisi dağıdıblar. Bu barədə Turana Mərkəzin direktoru, İ.Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova bildirib.
«İlqar çoxlu qan itirib və Huşsuz vəziyyətdədir, ona çoxsaylı xəsarətlər yetirilib», – deyə Məlahət Nəsibova telefonla bildirib.
Hücumun səbəbi bəlli deyil. Amma böyük ehtimalla söyləmək olar ki, bu hadisə Azərbaycanda son dövr vətəndaş cəmiyyətinə başlanılan repressiv kampaniyanın tərkib hissəsidir.
Həyat yoldaşının sözlərinə görə, İlqar Nəsibovun durumu ağır olaraq qalır. O xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədir: «Bu gün həkimlər yenidən təkrar müayinə keçirib, müalicə üçün məsləhətləşmə aparacaq. Güclü beyin silkələnməsi olduğundan həkim çox danışmağa icazə vermir. O hücumçulardan birini tanıyıb, Fərid adlı oğlandır. Bizim ofisə gəlib-gedirdi. İlqar deyib ki, onun əlində beşbarmağa oxşar dəmir parçası olub. İlqara məhz Fərid zəng edib ofisə çağırıb. Prokurorluq və polis ilkin sorğular aparıb, ofisə baxış keçirib. Həkimlər beyin nahiyəsinə və daxili qanaxmadan şübhələnir. Həkimlər üz nahiyəsində qanaxmanın qarşısını almaq üçün sağ və sol qaşlarının altına, çənə, burun nahiyələrinə tikişlər qoyublar. Bədəni və sifəti qan içindədir. Sifəti tamamən tanınmaz haldadır. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyəsində almacıq sümükləri iki tərəfdən sınıb, alın sümüyündə, beyin sümüyündə, sinəsində körpücük sümüyündə çatlar var. Kürək nahiyəsi və ayaqlarında ciddi zədələr var. Gözü görmür» (contact.az)
****
Naxçıvanda İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şoka düşdük. Ümid edirik ki, ədalətli araşdırma olacaq və cinayətkarlar cəzasını alacaq. Bu barədə Böyük Britaniya səfirliyinin bəyanatında bildirilir. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Naxçıvanda jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsi ilə bağlı qəzəbini bildirib.
“Azərbaycan hakimiyyətini Nəsibova bu dəhşətli hüumu tam və müstəqil şəkildə araşdırmağa və təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram”, deyə Miyatoviç bildirib.
“Bu cinayət ifadə və mətbuat azadlığının səmərəsini tamamilə dondurur və jurnalistlərə qarşı yeni cinayətlərə səbəb ola bilər”, deyə o qeyd edib.
Bu cinayət Azərbaycan KİV-nə qarşı bitmək bilməyən repressiyalar dalğası fonunda baş verib. Belə ki, son günlər Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna təzyiq başlayıb. Onların bank hesabına həbs qoyulduqdan və əmlakı müsadirə edildikdən sonra hüquq-mühafizə orqanları ofislərinə möhür vurub.
“Müstəqil mətbuatın, media fəallarının və ifadə azadlığının bu şəkildə boğulmasına dərhal son qoyulmalıdır. Azərbaycan hakimiyyəti bu təcrübəyə son qoymaq üçün əlindən gələni etməlidir”, deyə Miyatoviç qeyd edib. (contact.az)
***
Dünən isə Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi (DİN) Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbərlərlə əlaqədar məlumat yayıb. Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı daxil olmuş məlumat əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, heç də ictimai birliyin ofisinə hücum edilməyib, hadisə yalnız məişət zəminində baş vermiş davadan ibarət olub.
Məlum olub ki, ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibov uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olub, Naxçıvan şəhər sakini Fərid Əsgərovla birlikdə ictimai birliyin ofisində vaxtaşırı görüşərək orada içki məclisləri qurublar.
21 avqust 2014-cü il tarixdə axşam saatlarında hər iki şəxs qeyd olunan ünvanda yenə də içki məclisi qurub, orada spirtli içki qəbul ediblər. Həmin vaxt spirtli içkinin təsiri altında olan İlqar Nəsibov və Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib.
Fərid Əsgərov öz izahatında bildirib ki, onlar arasındakı davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.
Hər iki şəxs əlbəyaxa dava zamanı bir-birinə bədən xəsarətləri yetiriblər.
Hazırda Naxçıvan şəhər sakini Fərid Əsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir.