Bu gün Bərdə Qarabağın həm giriş, həm də çıxış qapısına çevrilib. Son illər ölkəmizdə aparılan abadlıq-quruculuq işləri Bərdədən də yan keçməyib. Bərdəyə iş adamlarını dəvət etmək, burada istehsal müəssisələri açılması üçün ilk növbədə yollardan başlamaq lazım idi. Yeni və müasir standartlara cavab verən yollar rayonun inkişafı üçün vacibdir. Artıq Yevlax-Bərdə, Bərdə-Tərtər, Bərdə-Ağcabədi yolu təmir edilib və 14 kəndi birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu yenidən qurulub. Bu il də kəndlərarası yolların təmiri davam etdirilir. Rayonun enerji təchizatı normallaşıb, qazla təminatla bağlı böyük işlər görülüb. Bərdə respublikamızda olan çox az sayda rayonlardan biri idi ki, burada hər hansı otel yox idi. Hazırda isə rayonda iki hotel fəaliyyət göstərir. Bərdədə əhalinin asudə vaaxtının və istirahətinin təşkili üçün də tədbirlər görülür. Hazırda rayon mərkəzində bölgənin ən böyük istirahət parkı inşa edilir. Əyləncə-istirahət guşəsi şəhəri iki hissəyə ayıran Tərtər çayı boyunca təxminən 3 kilometr ərazidə 36 hektar sahəni əhatə edir. Yaxın gələcəkdə sakinlər və şəhərin qonaqları asudə vaxtlarını yeni mərkəzdə keçirə biləcəklər. Parkda balaca uşaqlardan tutmuş yaşlı nəslin nümayəndələrinin istirahəti üçün guşələr yaradılıb. Gəzinti həvəskarları isə Tərtər çayı sahilində bulvarı seyr etmək imkanı qazanırlar. İndiyədək şəhərdə bu cür əyləncə mərkəzinin olmadığını deyən bərdəlilər istirahət üçün respublikanın başqa şəhərlərinə üz tutmalı olduqlarını söyləyirlər. Bura istirahətə gələnlər qədim Bərdənin qalıqları ilə də tanış ola biləcəklər. İndiyədək Tərtər çayının sularına sinə gərə bilən 13-cü əsrə aid körpüyə yaxından tamaşa etmək mümkün olacaq. Yaxın illərdə, parkın sahəsinin daha da artırılması nəzərdə tutulur. Park-bulvar kompleksi ilkin mərhələdə 40 hektar ərazini əhatə edəcək və gələcəkdə daha da genişləndiriləcək. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları qorunub saxlanılıb. Hazırda iki istiqamətdən həmin abidəyə asma körpü çəkilir. 14 fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artıracaq. Parkın giriş qapısı da öz əzəməti ilə diqqəti cəlb edir. Uzunluğu 36 metr, hündürlüyü 12 metr olan qapı milli memarlıq üslubunda ucaldılıb. Yeni tikiləcək mədəniyyət sarayına da 3 istiqamətdən giriş qapıları qoyulub. Burada keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün 1000 tamaşaçı yeri olan süni örtüklü stadion, geniş ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri, 1,2 kilometr uzunluğunda velosiped yolu, 300 yerlik avtomobil dayanacağı yaradılır. Parka 27 kilometr uzunluğunda yeni su xətti çəkilib, İtaliya istehsalı olan 460 işıq dirəyi, 10 ədəd relyefbirləşdirici pilləkən quraşdırılıb. Həmçinin 21 hektarda yaşıllaşdırma işləri aparılıb, 6 minə qədər ağac və bəzək kolları əkilib. Gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması planlaşdırılır.
Əli Lazımov
Regional İnsan Hüquqları və Media Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi «Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi» layihəsinin istirakçısı