2 aprel mitinqinə görə həbs edilən gənc ali məktəbdən qovulub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, gənc fəal Elnur Məcidli təhsil aldığı Qərb Universitetindən xaric edilib. Bu barədə bu gün (13 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) sözügedən universitetin hüquqşünası Mirələm Ağa məlumat verib.  Hüquqşünas M. Ağa gənc fəalın universitetdən xaric olunmasına səbəb kimi  onun dərsə  davamiyyətsizliyini  və təhsil haqqına görə  borcunun olmasını göstərdi: “Bildirirəm ki, universitetin  Beynəlxalq siyasi əlaqələr fakültəsinin 4-cü kurs tələbəsi  Elnur Məcidlinin ali məktəbdən  xaric olması  barədə əmri 30 iyun 2011-ci il tarixində verilib”,  –  deyə hüquqşünas bildirdi.
Xatırladaq ki,  Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, İctimai Palatanın 2 aprel 2011-ci ildə Fəvvarələr meydanında keçirdiyi mitinqə görə həbs olunan Elnur Məcidli 1989-cu il dekabrın 10-da Bakıda anadan olub. O Qərb Universitetinin Beynəlxalq siyasi əlaqələr fakültəsinin 4-cü kursunda təhsil alırdı.
E.Məcidli Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə təqsirli bilinərək, 10 oktyabr 2011-ci il tarixində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.