Bu gün (13 oktyabr) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisin döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bu iş üzrə vətəndaşlar Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) ,127.1(qəsdən sağlamlığa az ağır zərər vurma)maddələri ilə ittiham edilirlər. Silya Devisin vəkili Elçin Sadıqovun “Obyektiv tv”-yə verdiyi məlumata görə məhkəmə zərərçəkmiş Britaniya vətəndaşı, jurnalist Silya Devisi tərcüməçi ilə təmin edib. Vəkil dövlət tərəfindən təyin olunan tərcüməçilərin bəzən bilərəkdən düzgün tərcümə etmədiyini əsas gətirərək zərərçəkmiş tərəf olaraq müstəqil tərcüməçi dəvət etdiklərini bildirib. “Lakin məhkəmə bizim tərcüməçimizin rəsmi olaraq məhkəmədə iştirakına icazə vermədi”, – deyə E.Sadıqov əlavə edib. Onun sözlərinə görə hüquqlarını müdafiə etdiyi jurnalist Silya Devis yenidən ifadə verib.
Vəkil bildirib ki, S.Devis iyunun 15-dən 16-a keçən gecə 4 nəfər naməlum şəxsin onlara hücum etdiyini deyib. Əcnəbi xanım ifadəsində çox qorxduğunu, həm Amandanın, həm də özünün yerə yıxılıb təpiklə vurulduğunu qeyd edib. Jurnalist onlara xəsarət yetirən şəxslərin üzlərini görmədiyini bildirib.
“Təqsirləndirilən şəxslər bugünki prosesdə əcnəbi jurnalistlərə tanış olmaq üçün yaxınlaşdıqlarını bildirdilər”, – deyə vəkil əlavə edib. Növbəti məhkəmə prosesini oktyabrın 27-nə təyin edilib. Zərərçəkən amerika vətəndaşı Amanda Erikson bu dəfə də prosesdə iştirak etməyib. Xatırladaq ki, Amanda Erikson və Siliya Devis yerli QHT-lərlə əməkdaşlıq etməklə yanaşı jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirlər. Amanda Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə əməkdaşlıq edir.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi