Həbsdən azad olunan jurnalistin yaratdığı ictimai birlik qeydiyyata alındı

Noyabrın 1-də  “İnsan Haqları Uğrunda” İctimai Birliyi rəsmi olaraq qeydiyyata alınıb. “Mediaforum” xəbər saytında verilən xəbərə görə, birliyin sədri, keçmiş siyasi məhbus, fəaliyyətlərini dayandırmış  “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin  baş redaktoru, jurnalist  Eynulla Fətullayev qurumun qeydə alınması üçün Ədliyyə Nazirliyinə sənədlər iyunun sonunda təqdim olunduğunu, bu gün isə  nazirlikdən “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəsmən qeydə alınması barədə məlumat verildiyini deyib. “İnsan Haqları Uğrunda” İctimai Birliyi Ədliyyə Nazirliyinin bu xoş niyyətini yüksək qiymətləndirərək, insan haqlarının müdafiəsində müvafiq dövlət qurumları ilə konstruktiv əməkdaşlığa ümid etdiyini bildirib. Eyni zamanda, təşkilat alternativ preventiv mexanizminin formalaşmasında iştirak edən ictimai qüvvə olaraq həbsxanalarda ciddi monitorinqin həyata keçirilməsi işində Avropa Pentinsiar qaydalarının tətbiqinə cidd-cəhdlə çalışacaq. Bu aydan isə  “İnsan Haqları Uğrunda” İctimai Birlik alternativ preventiv mexanizmin çərçivəsində həbsxanalarda, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində monitorinqlərə başlamaq niyyətindədir”, – deyə Fətullayev  bildirib.
Xatırladaq ki, Yasamal Məhkəməsi 26 sentyabr 2006-cı il tarixdə Daxili İşlər Naziri Ramil Usubovun xüsusi ittiham şikayəti əsasında E.Fətullayevi böhtan və təhqirdə təqsirli sayaraq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Məhkəmə ərizəçini həbsə almayaraq ona 2 illik sınaq müddəti müəyyən etmişdi.  20 aprel 2007-ci il tarixdə isə Yasamal Məhkəməsi jurnalisti böhtanda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.  Bunun ardınca Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 30 oktyabr 2007-ci ildə E.Fətullayevi Cinayət Məcəlləsinin 214.1 (terror hədəsi) və 283.2.2-ci (etnik düşmənçiliyin salınması) və 213.2-ci maddəsi (vergidən yayınma) cinayətində təqsirli bilmişdi. Jurnalist Cinayət Məcəlləsinin 214.1-ci (terror hədəsi) maddəsi ilə 8 il, 283.2.2-ci (etnik düşmənçiliyin salınması) maddəsi ilə 3 il, 213.2-ci (vergidən yayınma) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Məhkəmə yekunda cəzaları qismən toplamaq yolu ilə ərizəçiyə son olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Ərizəçinin Konvensiyanın 10-cu və 6-cı maddələri ilə verilən hüquqlarının pozulduğunu tanıyıb.  Habelə Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi və hökmün icrası elan edildiyi gündən hesablanmışdı. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmamışdı. 26 may 2011-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  əfv fərmanına əsasən azadlığa buraxılıb.