Noyabrın 3-4-də Bakıda Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Milli Komitələrinin (MK) sədrlərinin 1-ci toplantısı keçiriləcək. APA-nın məlumatına görə, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu bildirib ki, ilk dəfə keçiriləcək bu toplantıya BMİ-nin direktoru Alison Makkanze, qurumun katibliyinin nümayəndəsi Kristin Klint, MK-in Almaniya, Norveç, Sloveniya, Türkiyə, Hindistan və digər ölkə rəhbərləri qatılacaqlar. Onun sözlərinə görə, iki gün keçiriləcək toplantıda əsasən MK-nin inkişaf platforması müzakirə ediləcək.O, eyni zamanda, toplantı günlərində “Regional Əməkdaşlıq Strategiyasının inkişaf etdirilməsində Milli Komitələrin rolu”, “İrəliyə doğru-Milli Komitələr şəbəkənin gücləndirilməsi vasitəsi kimi”, “Milli Komitələrin Mətbuat Azadlığında rolu” mövzularında dəyirmi masalar keçiriləcəyini deyib: “Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin sədrlərinin bir araya gəlmələri bu qurumun tərcümeyi-halında ilk hadisədir. Əslində bu ideya Mətbuat İnstitutun illik toplantılarında və müxtəlif görüşlərində bizim tərəfimizdən səsləndirilib. Çünki dünyanın ən aparıcı media qurumu olan Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrin daha səmərəli fəaliyyəti üçün bir araya gəlib müzakirələr aparmağa ehtiyac var. Qloballaşan dünyada əlaqələrin operativliyini artırmaq və mövcud təcrübənin bölüşdürülməsi də olduqca vacib şərtdir. Bu və digər baxımdan Milli Komitələrin Bakı toplantısı böyük əhəmiyyətə malikdir”.
U. Rəhimoğlu söz azadlığının inkişafında Milli Komitələrin rolunun artırılmasına çox böyük ehtiyac olduğunu da qeyd edib. Toplantıda BMİ-nin MK-nin Bakı bəyannaməsinin qəbulu da gözlənilir.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi