Avropa İttifaqı, Birləşmiş Krallıq və Polşanın Bakıdakı diplomatik nümayəndəlilklərinin təmsilçiləri noyabrın 11-də 14 saylı Cəzaçəkmə Müəssisəsində məhbus fəal Bəxtiyar Hacıyevlə görüşüblər. Bəxtiyar Hacıyevə dəstək qrupundan “Media forum” saytına verilən məlumata görə, diplomatlar məhbusun saxlanma şəraiti maraqlanıblar. Fəal bu sarıdan problem olmadığını bildirib. Müzakirələr zamanı Bəxtiyar Hacıyev Avropa İttifaqının xarici işlər naziri Ketrin Eştonun Bakıya səfəri zamanı Azərbaycan hakimiyyətini siyasi və iqtisadi islahatlara başlamağa, siyasi məhbusları azad etməyə çağıracağına ümid etdiyini vurğulayıb.
Gənc fəal Bakıda keçiriləcək “Avroviziya2012”mahnı müsabiqəsinə toxunaraq deyib ki, bir çox xarici dostları, tələbə yoldaşları boykot kampaniyası başlamaq istəsə də, buna etiraz edir: “Mən hələ inanıram ki, Azərbaycan hakimiyyəti siyasi məhbus məsələsini qısa zamanda həll edib sürətli demokratik islahatlara başlaya və “Avroviziya” zamanı Azərbaycanı dünyaya müsbət tonda təqdim edə bilər. Təbii ki, bəzi qeyri-rasional düşünən rəsmilər israrla bu müsabiqənin hakimiyyətin əleyhinə təbliğat maşınına çevrilməsində israrlı deyillərsə”.
Bəxtiyar Hacıyev ABŞ-ın Harvard Universitetinin məzunudur. 2010-cu ilin parlament seçkisində 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd olub.
Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilən Bəxtiyar Hacıyev hazırda Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Gənc fəal özü, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, siyasi təşkilatlar həbsin siyasi motivli olduğunu bildirir.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi