Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularını bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransda müzakirə etdi. Konfransı açan Şura sədri Azay Quliyev növbəti ildə də maliyyələşdiriləcək mövzuların prioritet istiqamətlərinin qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında təsbit olunduğunu bildirdi.A.Quliyev bu mövzuların faktiki olaraq ictimai, sosial, mədəni həyatın bütün sahələrini əhatə etməsilə yanaşı mövzu seçimində QHT-lərə xeyli manevr imkanları saxladığını qeyd etdi.
A.Quliyev prioritet istiqamətlərdən və onların mahiyyətindən doğan ayrı-ayrı problemlərin layihə mövzusu olaraq Şuraya təqdim edilməsində son illər QHT-lərin ciddi səylər göstərdiyini vurğulamaqla bərabər bir çox QHT layihələrinin göstərilən mövzular üzrə səthi xarakter daşıdığını, problemlərin həllinə təsir imkanlarının məhdudluğunu, ciddi kütləvi, maarifləndirici effektlər verən tədbirlərin həyata keçirilmədiyini qeyd etdi.
A.Quliyev bütün mövzulara peşəkarlıqla, yaradıcı yanaşmanın, mühüm ictimai əhəmiyyət kəsb edən problemlərin ictimailəşdirilməsi və həlli yollarında ciddi uğurlar qazanmağın mümkünlüyünü konfrans iştirakçılarının diqqətinə çatdırdı. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ötən illərdə QHT-lərin Şuraya təqdim etdiyi layihələr üzrə mövzu seçiminin bir sıra ümumiləşdirici cəhətlərini vurğuladı.
Konfransda çıxış edən QHT rəhbərləri növbəti ildə Şuranın maliyyələşdirəcəyi istiqamətlər və ayrı-ayrı mövzular barədə öz fikir və təkliflərini bildirdilər. Təklifləri Şuraya, həmçinin yazılı şəkildə təqdim etmək üçün QHT-lərə vaxt verildi. Təkliflərin Şura Katibliyi tərəfindən öyrənilməsi və onların vaciblərinin maliyyələşdiriləcək istiqamətlər üzrə mövzulara əlavə edilməsi tövsiyə olundu.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi