Regional İnsan Hüquqları və Media Mərkəzi (RİHMM) “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı şantajla hədə etməni qətiyyətlə pisləyir. Bunu jurnalisti susdurmaq ücün atılan ən çirkin addım kimi qiymətləndirir. Xədicə İsmayılovanın məqalələri, araşdırmaları ölkədə olan çoxsaylı problemlərin, korrupsiya və rüşvətxorluq, cinayət hallarının aşkara çıxarılmasına xidmət edib. Xədicə İsmayılova Azərbaycanda insan hüquqlarının, söz və ifadə azadlığının pozulması hallarına qarşı barışmaz mövqeyi ilə seçilib və bu mövzunu daim gündəmdə saxlayıb. Bu mənada RİHMM jurnalistə qarşı baş verən halları, təzyiqləri, təhdidləri, şantaj hallarını yolverilməz hesab edir. Hüquq-mühafizə orqanlarını, xüsusilə də Baş Prokurorluğu, Daxili İşlər Nazirliyini, Milli Təhlükəsizlik Nazirliyini bu hadisəni araşdırmağa və jurnalistə qarşı bu əməllə əl atanları qısa zamanda müəyyənləşdirib məsuliyyətə cəlb etməyə çağırır.
Qeyd edək ki, martın 7-də Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Məktubda jurnalistin özünü yığışdırmayacağı təqdirdə rüsvay olacağı yazırlar. Martın 9-da Xədicə İsmayılova baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi göndərib. O bildirib ki, hüquq-mühafizə orqanlarından tələbi şantaj məktubu göndərənlərin tapılıb cəzalandırılmasıdır.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi