İctimai Palata paytaxtda aksiya keçirib

Mayın 21-də İctimai Palataya daxil olan müxalifət partiyalarının fəalları Bakının mərkəzində etiraz aksiyası keçirdi. Onlar «Azadlıq!», «İstefa!», «Korrupsiyaya yox!» şüarları səsləndirirdilər. Əvvəlcə aksiyaçılar Nizami küçəsində bir neçə dəfə dövrə vurdular. Həmin vaxt ərazidə polis olsa da aksiyaya müdaxilə etmədi. Bundan sonra aksiyaçılar Sabir bağı istiqamətində yürüş etdilər. Burada yürüşçülərlə polis arasında toqquşma baş verdi. Bir neçə nəfər saxlanıldı. Aksiyaçılar Sabir bağından üzüaşağı Natəvanın heykəlinə tərəf yollananda əraziyə Çevik Polis Alayının əməkdaşları gətirildi. Aksiyaçılar «İstefa», «Azadlıq» şüarları səsləndirə-səsləndirə Bulvara tərəf istiqamət götürəndə polis onların qarşısını kəsdi. Əvvəlcə polis səsgücləndiricilərlə ərazini boşaltmağı tələb etdi. Zərifə Əliyeva küçəsində isə aksiyaçılarla polis arasında qarşıdurma baş verdi. Polis 5 nəfəri saxladı. Aksiyaçılardan biri – Natəvan Səlimzadəni polis sürüyə-sürüyə polis maşınına apardı. Polis saxladığı bir neçə aksiyaçını isə üzərində «Light your fire» şüarı yazılmış taksiyə oturdub apardı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, yaxın saatlarda saxlananlar haqqında məlumat veriləcək. Mayın 21-də müxalifət fəalları Bakıda növbəti piket keçirməyə cəhd edir. Müxalifət partiyaları və ictimai fəalların birləşdikləri İctimai Palata piketi sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına etiraz olaraq keçirir.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, etirazçılar təxminən 10 dəqiqə ərzində Nizami küçəsində toplaşa və «İstefa», «Demokratiya», «Korrupsiyaya yox» şüarları səsləndirə biliblər. Polis səsgücləndiricilər vasitəsilə aksiyaçıları dağılışmağa, ictimai
asayişi pozmamağa çağırıb, şəhərdə «çoxlu qonaqlar olduğunu» xatırladıb. Bu həftə Bakıda «Eurovision-2012» mahnı müsabiqəsi keçirilir.
Aksiyaçılar İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə həbs olunanların və digər fəalların azadlığa buraxılmasını tələb edirlər. Ötən bazar ertəsi – mayın 14-də də İctimai Palata Bakı şəhər İcra Hakimiyyəti binası qarşısında piket keçirməyə cəhd etmişdi. İP mayın 19-da mitinq, 21-də isə piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti isə müraciətin gec olunduğunu əsas gətirərək aksiyalara icazə verməmişdi.
İP həmçinin mayın 24-də İctimai Televiziya qarşısında piket keçirmək üçün müraciət edib. Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, həmin gün müsabiqənin yarımfinal konserti keçiriləcəyindən İTV-nin qarşısında hər hansı aksiyanın keçirilməsi beynəlxalq tədbirin pozulmasına yönəlmiş əngəl kimi qiymətləndirilə bilər. İP isə hər iki aksiyanı keçirəcəyini bildirib. Müxalifətin ötən il keçirdiyi etiraz aksiyalarında həbs olunmuş 10-dan çox fəal hazırda həbsdədir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bütün fəalların buraxılmasını tələb edir.

VIDEOYA BAX

http://faktxeber.com/51759_304p-304n-aks304yasindan-v304deoreportaj.html