Bəxtiyar Hacıyev azadlığa buraxılıb

Dünən Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılıb. Pprosesdə B. Hacıyevin apellyasiya şikayəti təmin olunub. Məhkəmə gənc fəal Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edib. Prosesdə B. Hacıyevin özü iştirak etməyib. Amma elə dünən Bəxtiyar Hacıyev 14 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.  Qeyd edək ki, Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs edilib, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib və may ayında 2 il müddətinə azadlıqdan məhrum olunub. B Hacıyev cəzasının 1/3 hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Qərardan apellyasiya şikayəti verilib.