“Yeni Medianın inkişafı və regionlarda yayılması” layihəsinin əsas məqsədi multimedia fəallarına və vətəndaşlara dəstək verməkdir. Bu barədə cümə axşamı Media Mərkəzdə keçirilən mətbuat konfransında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihənin ötən altı ayının yekunlarını açıqlayarkən bildirib. Onun sözlərinə görə, 117.876 avro dəyərindəki layihə bir il müddətinə nəzərdə tutulub. Bu məbləğin böyük hissəsini Avropa İttifaqı ayırıb. Layihə RATİ başda olmaqla, Demokratik Jurnalistika Məktəbi və Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən Bakıda, Gəncədə, Naxçıvanda, Lənkəranda və Qubada həyata keçirilir. Bu regionların hər birində bir treninq keçirilib, qalan 6 ayda isə daha bir treninq keçiriləcək. Bu dəfə adı çəkilən şəhərlərin sırasına Sumqayıt da əlavə olunacaq. Ötən təlimlərdə fəallıq göstərənlərə bu dəfə biliklərini paylaşmaq imkanı veriləcək.
Təlimləri aparan jurnalist Şahvələd Çobanoğlu yüksək nəticələr əldə edildiyini, Gəncə və Qubada Yeni Mediaya daha böyük maraq olduğunu deyib. Onun sözlərinə görə, təlim iştirakçıları QHT-lərin, gənclər təşkilatlarının nümayəndələri, hüquq müdafiəçiləri, yerli jurnalistlər, fəal İnternet istifadəçiləri olub. “Biz onlara açıq kodlu, yəni pirat deyil, lisenziyalı proqramlardan istifadə etməyi, çəkilmiş videoları göndərməyi və İnternetdə yerləşdirməyi, bloqlardan, xeyriyyə məqsədilə İnternetdən istifadə etməyi, sosial şəbəkələr vasitəsilə həmfikirlər tapmağı öyrədirdik”, deyə Şahvələd Çobanoğlu bildirib. İnternetin imkanlarından istifadə etməyən QHT-lər tənqid edilib. Layihə tərəfdaşları Rövşən Hacıbəyli və Xalid Kazımov regionlarda internetdən istifadənin aşağı səviyyədə olduğunu, bu durumun aradan qaldırılması üçün əməli fəaliyyətin genişləndirilməsinin gərəkliyini önə çəkiblər.
Tədbirlə bağlı məlumata aşağıdakı linkdə baxa bilərsiniz
http://irfs.az/