Bu gün Bakının Fəvvarələr meydanında “Əsgər ölümünə SON” şüarı ilə gənc fəalların etiraz aksiyası keçirildi. Silahlı Qüvvələrdə itkilərin çoxalmasına etiraz edən fəallar əllərində Azərbaycanın, Türkiyənin dövlət bayraqlarını, mərhum əsgərlərin şəkillərini tutmuşdu. Aksiyada əsasən “Şəhidlər ölməz, vətən bölünməz”, “Əsgərimiz ölməsin, Ordu morqa dönməsin”, “Əsgər ölümünə SON” kimi şüarlar səsləndirilirdi. Aksiyanın əvvəlində ərazidə xeyli polis olsa da, ciddi müdaxilə olmadı. Polis səsgücələndiricilərlə aksiyaçıları dağılışmağa çağırır, onların böyük qruplar halında yürüş etməsinə imkan vermirdir. Amma aksiyanın başlamasından təxminən 10 dəqiqə sonra polis aksiyaya müdaxilə etməyə başladı. Polis aksiyaçıları sıxışdırıb ərazidən uzaqlaşdırmağa başladı. Həmçinin, onlarla gənc fəal saxlanıldı.
Aksiyanı lentə alan jurnalistlərə qarşı da polis təzyiqi oldu. Jurnalist gödəkcəsində olsa da, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri, «Üç nöqtə» qəzetinin müxbiri Xalid Kazımov, RATİ-nin sədri Emin Hüseynov, «Turan» agentliyi və «Azadlıq» qəzetinin əməkdaşları da olub.
Qeyd edək ki, “Əsgər ölümünə SON” kampaniyasına “Facebook” sosial şəbəkəsində, ordunun Daşkəsəndəki hərbi hissələrinin birində qulluq edən əsgər Ceyhun Qubadovun ölümündən sonra start verilib. Aksiyaya siyasi partiyaların gəncləri də qoşulub. Ceyhun Qubadov yanvarın 7-nə keçən gecə dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bəyan olunub. Yaxınları onun döyülərək öldürüldüyünü iddia edir.
https://www.youtube.com/watch?feature=player_embedded&v=8DUi84b9764