Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib

Evez hebsBakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur. Posesdən öncə məhkəmə zalında Əvəz Zeynallı ilə ANS telekanalının müxbiri arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs ANS əməkdaşının zaldan çıxarılmasını, prosesin bundan sonra başlanmasını tələb edib. Bundan sonra ANS əməkdaşları məhkəmə zalından çıxarılıb. Daha sonra məhkəmə hökmü elan edib. Hakim hökm çıxararkən Ə.Zeynallının himayəsində iki azyaşlı uşağının olduğunu yüngülləşdirici hal kimi nəzərə alındığını  bildirilib. Məhkəmənin hökmü ilə  Ə.Zeynalı 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququnu məhdudlaşdırmaqla, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödəniləcək.

Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən Əvəz Zeynallının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Ə.Zeynallı sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.