Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş imzalanacaq

Oktyabrın 27-30-da Bakıda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək. Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə keçiriləcək forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətindən, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən və Moldovanın Qaqauz Muxtar Yerindən media qurumlarının təmsilçilərinin qatılması planlaşdırılıb. MŞ-dan APA-ya verilən məlumata görə, ümumilikdə 300 nəfərin iştirak edəcəyi tədbirə 100-dən artıq xarici qonaq dəvət olunacaq. Toplantının gündəliyinə Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması da daxildir. Sənədin peşə mübadiləsi prosesini gücləndirmək məqsədilə iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin, medianın müxtəlif sahələrinə dair treninq-məşğələlərin təşkilini, habelə Türkiyədə kütləvi informasiya vasitələrinin ölkənin iqtisadi münasibətlər sistemindəki rolu ilə bağlı təcrübənin öyrənilməsini və s. məsələləri nəzərdə tutacağı gözlənilir.
Qeyd edək ki, Forumun təşkilindən məqsəd beynəlxalq aləmdə yeni tendensiya kimi nəzərə çarpan türkdilli toplumların inteqrasiyasının genişlənməsinə, qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə kömək göstərməkdir. Həmçinin tədbirdə türk media birliyinin gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüləcək, türkdilli media qurumlarının konsolidasiyasının sürətləndirilməsinin prinsipial tərəfləri müzakirə olunacaq.
Türkdilli Ölkələrin I Media Forumu ötən il dekabrın 21-22-də Ankarada baş tutub. Forumda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, qurumun İdarə Heyətinin üzvləri, həmçinin KİV rəhbərlərinin bir qrupu iştirak edib. Toplantıda növbəti belə tədbirin Azərbaycanda təşkili qərara alınıb.