Anar Məmmədli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

anarBakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Anar Məmmədli 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və sonuncu məhkəmə zalında həbs edilib. Məhkəmə digər təqsirləndirilən Elnur Məmmədov barəsində 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə  3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirsə də, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 2 il müddətinə şərti cəza ilə əvəzlənib.

Qeyd edək ki, dövlət ittihamçısı Anar Məmmədlinin 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədovun 2 il dövlət, yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, sonuncu iki şəxsin məhkəmə zalında həbs olunmalarını istəmişdi.