Informasiya sorğusunun cavablandırılmaması ilə bağlı verilmiş şikayət təmin edilməyib

Bu gün (23 avqust) Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə vətəndaş Rzayeva Şərqiyyə tərəfindən informasiya sorğusuna cavab verilməsi tələbinə dair iddia üzrə çıxarılmış qətnamədən verilən şikayətə baxılıb. Hakim istənilən məlumatların xidməti məqsədlər üçün nəzərdə tutulduğunu əsas gətirərək şikayəti təmin etməyib. Prosesdən sonra Rzayevanın vəkili Elmar Süleymanov RATİ-yə bildirib ki, qərardan yuxarı instansiya məhkəməsinə şikayət veriləcək. Vəkilin sözlərinə görə, “İnformasiya əldə etmək haqqında” Qanun istənilən məlumatları xidməti istifadə üçün nəzərdə tutulan məlumatlara aid etmir, ona görə də qərar tamamilə qanunsuzdur.
Xatırladaq ki, 2007-ci ildə Bakı şəhəri, Bəsti Bağırova, 613 (Murtuza Muxtarov,185) ünvanda inşa edilən çoxmərtəbəli binanın uçması nəticəsində zərərçəkən şəxs – vətəndaş Rzayeva Şərqiyyə Hökumət Komissiyasına, Fövqəladə Hallar Nazirliyinə (FHN), FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə informasiya sorğusu ilə müraciət etmişdir. Sorğular vasitəsilə vətəndaş adları çəkilən dövlət qurumları tərəfindən mülkiyyətçisi olduğu uçmuş mənzilin sahəsinin yeni mənzillə təmin olunarkən hansı səbəblər görə kiçildilməsini aydınlaşdırmaq və bu barədə rəsmi sənədlərin surətlərini əldə etmək istəmişdir. Sorğulara cavab verilmədiyindən Rzayeva 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etmişdir. 22 iyun 2011-ci il tarixdə məhkəmə iddianın təmin edilməməsi barədə qərar çıxarmışdır.