Bu gün (23 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə haqqında cinayət işi açılmış “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərlinin təşkilatçılığı ilə müzakirə keçirildi.
Ş.Cəfərli bildirdi ki, “Gündəm xəbər” qəzeti dərc etdikləri tənqidi məqalələrə görə həmişə təzyiq və təqiblərlə qarşılaşıb: “İndi də qəzetə təsisçisi olaraq mənə qarşı absurd ittiham irəli sürülüb. Guya qəzetimizdə vergidə yayınma halları olub. Digər absurd ittiham isə Mətbuat Şurasının bizə atdığı şər əsasında guya vəzifə səlahiyyətlərimi aşmaqla bağlıdır. Bu saxta ittihamla məni həbs etmək, qəzetin isə fəaliyyətini dayandırmaq istəyirlər”.
Onun sözlərinə görə, əsasən qəzeti iqtisadi yolla sıradan çıxarmaq istəyirlər: “Qəzetimizin bu ilin 16 may tarixindən gündəlik, yəni həftədə 5 dəfə nəşr olunmağına baxmayaraq, vergi orqanlarının əməkdaşları son bir illik fəaliyyətimizin bütün dövrünə gündəlik nəşri şamil ediblər. Qeyd edim ki, qəzetimizin real tirajının rekvizitdə göstərilməməsini bəhanə edərək, “Gündəm xəbər”ın tirajını “Azadlıq” qəzetinin tirajı nisbətində, yəni gündəlik 8 min nüsxə kimi götürüblər. Bunun nəticəsində də 68.244 manat məbləğində vəsaitin vergidən yayındırıldığı qeyd edirlər. Qəzetimin tirajı isə cəmi min nüsxədir və bunu nəşriyyatdan aldığımız sənədlərlə də sübut edə bilərik. Belə böyük məbləğlərdən danışanlar onu da unutmasınlar ki, mən Qarabağ müharibəsi iştirakçısıyam və 5 nəfərlik ailəmlə yataqxanada cəmi 1 otaqlı mənzildə yaşayıram”, – deyə Ş. Cəfərli bildirdi.
Tədbirdə iştirak edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə Mətbuat Şurasının Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə qəzet təsisçisinin cəzalandırılması üçün müraciət edilməsini absurd hesab etdi. Habelə o Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bir müstəqil qəzetə qarşı cinayət işi açmağını qanunsuzluq hesab etdi: “Mətbuat Şurası yalnız bu şuraya üzv olan və Jurnalistlərin Peşə Davranış Kodeksinə imza atan qəzetlərin bu sənədə nə dərəcədə əməl edib etmədiklərini araşdırmalıdır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də əziyyət çəkib korrupsioner məmurlara qarşı cinayət işi açsın”.
RATİ sədri Emin Hüseynov isə bildirdi ki, “Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 19-cu maddəsinə 2008-ci ildə edilmiş dəyişikliklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Ədliyyə Nazirliyinə kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırılması və ya qapadılması üçün məhkəmədə məsələ qaldırmaq səlahiyyəti verilmişdir: “Maraqlıdır ki, prezidentin imzaladığı fərmanla belə bir səlahiyyət həm də icra hakimiyyətinin strukturuna daxil olmayan, sadəcə qeyri-hökumət təşkilatı olan Mətbuat Şurasına da verilmişdir. Bu həmin dövrdə gedən bir konstitusion səhvdir və hesab edirəm ki, bu məsələnin də üstünə getməyə zəruriyət var”.
Daha sonra bir sıra təkliflər də, eləcə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı tərəfindən Redaktorlar Birliyinin fəaliyyətinin bərpası ilə bağlı təklif gəldi. Müzakirələrdən sonra sentyabrın 2-də Redaktorlar Birliyinin iclasının keçirilməsi qərara alındı. Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb. Buna səbəb kimisə qəzetin fəaliyyətinin araşdırılması ilə bağlı Mətbuat Şurasının müraciət göstərilir.
Məlumata görə, qəzet şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına, Jurnalistlərin peşə davranışı qaydaları”nı mütəmadi pozduğuna görə Mətbuat Şurasının “Qara Siyahı”sına düşüb. Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, istintaq zamanı müəyyən olunub ki, Cəfəri yalnız KİV haqqında qanunun tələblərini pozmayıb, həm də vergi qanunvericiliyinin tələblərinə əməl etməyib. Məlumata görə, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub. Beləliklə, küllü miqdarda, 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi