Elmar Hüseynovun qətlinin təhqiqatının sürətləndirilməsi ilə bağlı MTN-ə müraciət edildi

Mətbuat Şurası mərhum jurnalist Elmar Hüseynovun qətlinin araşdırılması prosesinin sürətləndirilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb. MŞ-dən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq Elmar Hüseynovun qətlinin üstünün açılmaması ölkənin media ictimaiyyətində ciddi narahatlıq doğurur və kütləvi informasiya vasitələrinin təmsilçiləri müntəzəm olaraq keçirdikləri toplantılarda məsələyə diqqət yetirirlər. 8 sentyabr – Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı Mətbuat Şurasında baş tutan “Dəyirmi masa”nın iştirakçıları da hadisəni törədənlərin tezliklə tapılaraq cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə bildirilib ki, jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir: “Ötən müddətdə cinayətinin üstünün açılması istiqamətində səylər var. Lakin jurnalistlər bu qənaətdədirlər ki, mövcud məsələdə cəzasızlığın davamı peşə fəaliyyətlərini yerinə yetirən qələm sahiblərində oxşar xoşagəlməz halın təkrarlanacağına dair qorxu yaradır”.