Yaxın həftələr ərzində Azərbaycanın Tərtər rayonunda yeni teleqüllənin inşası çərçivəsində montaj işləri başa çatdırılacaq. Gün.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin (İB) rəhbəri Əflatun Şərifov bildirib.Onun sözlərinə görə, “teleqüllənin montajı hələ bütün işlərin qurtarması demək deyil”.
“Hələ qarşıda avadanlığın (antennlər, fiderlər və s.) quraşdırılması ilə bağlı işlər var. Teleqüllənin cari ilin noyabrın 22-də istismara verilməsi planlaşdırılır. Hələlik dəqiq tarix söyləmək mümkün deyil. İşlər təyin olunmuş vaxtdan tez də başa çatdırıla bilər, hava şəraiti ilə əlaqədar gecikdirilə də bilər” – deyə Ə. Şərifov qeyd edib.
“Teleradio” İB-in rəhbəri həm də qeyd edib ki, yeni teleqüllənin yerləşdirilməsi, ilkin məlumatlara görə, translyasiyanın əhatə zonasını 12-15% artırmağa imkan verəcək: “Teleqüllə əvvəlkindən də uca yüksəklikdə yerləşir”. Həmçinin Ə.Şərifov vurğulayıb ki, yeni obyekt Dağlıq Qarabağın erməni işğalı altında olan şimal hissəsində Azərbaycan telekanallarının yayımını təmin etməyə imkan verəcək.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi