Azərbaycanın media nümayəndələri jurnalistlərin dünya konqresində iştirak edəcəklər

 Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) bu il Tayvanda keçiriləcək 60-cı Ümumdünya Konqresinə və Baş Məclisinə Azərbaycan media mənsubları da qatılacaq. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. BMİ-nin Azərbaycan Milli Komitəsinin informasiya departamentindən APA-ya verilən məlumata görə, sentyabrın 24-27 də Tayvanın paytaxtı Taypeydə keçiriləcək tədbirdə Azərbaycandan BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu, Mətbuat Şurasının sədri Əflatun Amaşov, APA-nın baş direktoru Vüsalə Mahirqızı və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri Nik Nvolisa iştirak edəcək.
U. Rəhimoğlunun sözlərinə görə, BMİ-nin builki dünya qurultayını Tayvanın prezidenti Yunq-ceou Manın açacaq: “Beynəlxalq Mətbuat İnstitutunun Ümumdünya Konqresi və Baş Məclisi, adətən, çox yüksək səviyyədə keçirilir. Bu tədbirlərin açılışını, bağlanışını dünyanın məşhur adamları, prezidentlər, baş nazirlər həyata keçirir. Bu dəfə tədbiri Tayvanın prezidenti Yinq-ceou Ma açacağı razılaşdırılıb”.
Hər il olduğu kimi bu il də BMİ-nin “Azad Media Öncülü” ali mükafatı 2011-ci ilin qalibinə – Tunisin tanınmış “Kalima” radiosuna təqdim olunacaq.
U. Rəhimoğlu bildirib ki, konqresin proqramı “Asiyada media əsridirmi? XXI əsrin inkişaf prosesinin sayəsində yeni texnologiyalardan azad mediaya doğru” mövzusunda tərtib olunub.
Onun sözlərinə görə, mötəbər media tədbirində dünyanın əksər dövlətlərinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Rumıniya, Çin, Hindistan, Pakistan, Yaponiya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika və sairə ölkələrindən nümayəndələr qatılacağını da bildirib. “BBC-nin baş direktoru Mark Tompson, “Vaşinqton Post” qəzetinin şərhçi-redaktoru Con Pomfret, “CNN„in müxbiri Cim Klansi, Çinin “Tomson Ruters” Agentliyinin rəhbəri Devid Şlezinger, “Associated Press” Agentliyinin vitse-prezidenti Con Deniszevski, “Gardian” qəzetinin xüsusi araşdırmalar üzrə müxbir Amelia Hilli və digərləri tədbirdə çıxış edəcəklər.