Sentyabrın 13-də Pia.az –ın (Poliqon İnformasiya Agentliyi) şimal bürosunun əməkdaşı Cəmil Məmmədli Bakı şəhərindən Xaçmaz rayonuna qayıdarkən, yaşadığı evin yaxınlığında 3 nəfər şəxsin hücumuna məruz qalıb. Bu barədə bu gün (16 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. C. Məmmədli bildirdi ki, həmin gün özünü Ədliyyə Nazirliyinin əməkdaşı Anar kimi təqdim edən şəxs onun mobil telefonuna zəng edərək, təcili görüşmək istədiyini bildirib: “Həmin günü Bakıda idim və gecə saat 23 radələrində Xaçmaza çatdım. Evimə yaxınlaşanda mənə həmin nömrədən bir də zəng gəldi və Anar adlı şəxs məni artıq “Qoşa qapı” adlanan yerin yaxınlığında gözlədiyini bildirdi. Həmin yerə çatanda 10 VM 164 nömrə nişanlı, “Mercedes” markalı avtomobilin yanında 3 nəfərin dayandığını görüb onlara yaxınlaşdım. Özünü təqdim edən Anar adlı şəxs mənə “Bəhram həkimi sən vermisən televiziyaya, bilmirsən ki, mənim qohumumdu, o nə yazılardı yazırsan” dedi. Mən də televiziya jurnalisti olmadığımı söylədim və elə o saat da mənə söz deməyə belə macal verməyib döyməyə başladılar” –deyən jurnalist C. Məmmədli o şəxslərin daha sonra avtomobilə minib qaçdıqlarını, özünün də həmin günü “102” xidmətinə və Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirdi: “Məhkəmə-Tibbi Ekspertizasının rəyi mənim döyülmə faktımı təsdiqləyib. Bundan əlavə məlum olub ki, məni döyənlər Bəhram Şahverdiyevin kürəkəni Əliyev Anar, onun qardaşı Vüqar və qardaşının dostu olub. Polis İdarəsinin rəhbərliyi tədqiqatın obyektiv aparılacağına, lazımi tədbirlərin görüləcəyini deyiblər”, -deyə jurnalist əlavə edib.
Xatırladaq ki, sentyabrın 13-də Pia.az –ın (Poliqon İnformasiya Agentliyi) şimal bürosunun əməkdaşı Cəmil Məmmədli Bakı şəhərindən Xaçmaz rayonuna qayıdarkən, yaşadığı evin yaxınlığında 3 nəfər şəxsin fiziki hücumuna məruz qalıb. Həmin şəxslər ona hücum edərək, müxtəlif xəsarətlər yetiriblər. Jurnalist bu hücuma səbəb kimi pia.az –da sentyabr ayından etibarən Xaçmaz Mərkəzi Rayon xəstəxanasının baş həkimi Bəhram Şahverdiyev barəsində gedən “Oqtay Şirəliyevin həkimi qoçuluq edir”, “Çəlimsiz xadiməni döyən baş həkim TTY maşınlarını icarəyə buraxıb”, “Həkim 2 şəhid anasını döydü” başlıqlı yazıların səbəb olduğunu göstərir.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi