İsa Qəmbər: “Əgər siz mitinqin təşkilatçısını axtarırsınızsa o, mənəm”

Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi icazəsiz aksiya zamanı saxlanılan şəxslərin məhkəmə prosesi keçirilib. Məhkəmə qarşısına  Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli çıxarılıb.  Həmin şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar. Dünənki prosesdə  Müsavat Partiyasının başqanı İsa Qəmbər, Müsavat başqanının müavini, İctimai Palatanın katibi Gülağa Aslanlı, Müsavat başqanının müavini Tofiq Yaqublu, Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli, Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Elçin Cərullayev və AXCP sədri Əli Kərimli ifadə veriblər. Müsavat başqanı ifadəsində İctimai Palatanın yaranma zərurətindən danışıb: «İctimai palata 2010-cu il parlament seçkilərindən sonra yaranıb. Təşkilatda müxtəlif sayisi partiyaların o cümlədən vətəndaş cəmiyyətinin tanınmış üzvləri toplanıb. Bizim məqsədimiz ölkədə demokratik dəyişikliklərə, siyasi və iqtisadi islahatların həyata keçirilməsinə nail olmaqdan ibarət olub.  Mitinqlərlə bağlı qərarlar isə İctimai Palatanın üzvləri tərəfindən yekdilliklə qəbul olunub.  Mitinqlər keçirilməmişdən öncə Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilib. Hətta bu məsələ ilə bağlı BŞİH-ilə danışıqlar aparması üçün işçi qurupu da formalaşdırılıb. Amma həmin mitinqlərə icazə verilməyib. İctimai Palata 2 aprel tarixində keçirilən mitinqlə bağlı hər hansı qanun pozuntusuna yol verməyib. Həmin gün aksiya başlamamışdan əvvəl polis həbslərə başlayıb. Bizim tərəfdaşlarımız əsassız yerə həbs olunublar. Həmin gün bizim tərəfimizdən heç kim mağazaların şüşələrini, avtobusların qapılarını sındırmayıb. Əgər siz mitinqin təşkilatçısını axtarırsınızsa o, mənəm. Mən bununla bağlı bütün məsuliyyəti öz üzərimə götürürəm. Yox əgər mitinq zamanı məişət-iaşə obyektlərinə dəyən ziyandan söhbət gedirsə, bununla bağlı kifayyət qədər məlumatlar var. Mitinq zamanı çəkilən video sujetlər də sübut edir ki, həmin hadisələri mitinq iştirakçıları törətməyib. O, hadisələri törədənin biri bir müddət sonra külli miqdarda oğurluq etdiyinə görə həbs olundu».
İ.Qəmbər bildirib ki, mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində bə Şəhər Prokurorluğunda da olub: «Bu il Müsavat Partiyasının yaradılmasının 100 illiyi və Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunacaq. Əgər həmin əlamətdar günlərdə mənim tərəfdaşlarım yanımda olmasa, mən bunu bağışlamayacağam».
Prokurorun suallarını cavablandıran İ.Qəmbər onu bildirdi ki, mitinq zamanı hadisə yerində olmayıb. Prokurorun BŞİH tərəfindən mitinqin keçirilməsi ilə digər yerlər təklif etdiyi təqdirdə niyə məhz “Fəvvarələr bağı”nı seçdiniz sualını cavablandıran İ.Qəmbər bunu mitinq üçün ayrılan yerin standartlara cavab verməməsi ilə əlaqədar olduğunu bildirdi.
Daha sonra prosesdə AXCP sədri Əli Kərimli şahid qismində ifadə verdi: «Aksiyalar zamanı iştirakçılardan heç kim zorakılığa, qanun pozuntusuna yol verməyib. Həmin günlərdə mənim evimin qarşısında qanunsuz aksiya keçirildi. Lakin heç kim cinayət məsuliyyətinə cəlb olunmadı. Bir neçə video görüntülərə baxmışam. 2 aprel aksiyalarında qanun pozuntusuna polis əməkdaşları yol veriblər. Aksiyalarla bağlı məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb xəbərdarlıq ediblər. Bununla bağlı bildiriş təqdim ediblər. Lakin mən həmin bildirişi oxumaqdan və imzalamaqdan imtina etmişəm. Çünki biz dinc aksiya keçirmişik. Bu qanun pozuntusu hesab oluna bilməz . Amma  mitinq təşkilatçısı kimi bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram».