Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı yekun rəyini açıqlayıb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb. Məlumatda deyilir ki, Rafiq Tağının ölümünə döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları, cərrahi əməliyyatdan sonra inkişaf edən peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası səbəb olub: ”Eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarktdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində ürək-ağciyər çatışmazlığı”. Qeyd edək ki, noyabrın 19-da 61 yaşlı R.Tağı axşam saatlarında işdən evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. O yeddi bıçaq yarası ilə xəstəxanaya müraciət edib, üç gün sonra xəstəxanada qəflətən səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişdi. Faktla bağlı cinayət işi açılıb, lakin hələlik cinayətlə bağlı saxlanılan yoxdur.
Xatırladaq ki, 2006-cı ilin noyabr ayında işlədiyi “Sənət” qəzetində çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə R.Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda Ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi. Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, müddətinə azadlıqdan məhrum edilmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdılar.
Noyabrın 27-də isə İranlı Ayətullah-uzma Fazil Lənkəraninin oğlu, ayətullah şeyx Məhəmməd Lənkərani bu qətli alqışlayan bəyanat yaydı.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi