İki jurnalist peşə borcunu yerinə yetirərkən döyülüb

 Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikiliilərin söküntüsünü davam etdirib. Söküntü zamanı evləri sökülən vətəndaşlarla ARDNŞ əməkdaşları arasında qarşıdurma yaranıb. Polislərin və ARDNŞ-in mühafizə xidmətinin əməkdaşlarının fiziki gücündən yararlanan söküntü briqadası evləri buldozer və ekskavatorların vasitəsilə dağıdıblar. Söküntü işləri gedən nahiyədə jurnalistlərin olmasına dözümlü yanaşa bilməyən ARDNŞ qoluzorluları onlara mane olub, peşə borclarını yerinə yetirməyə imkan verməyiblər. «Yeni Müsavat» qəzetinin əməkdaşı Günay Musayeva və “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov da ARDNŞ-in mühafizə xidmətinin əməkdaşları tərəfindən döyülüb. G.Musayevanın sözlərinə görə, jurnalistlərə peşə borclarını yerinə yetirməyə imkan verilməyib: «Hadisə yerinə ilk çatan mən oldum. Mən gələndə artıq bir qadının evini buldozer vasitəsilə sökürdülər. Bunu çəkmək istəyəndə polislər və Neft Şirkətinin əməkdaşları  mənə yaxınlaşaraq əlini fotoaparatın qarşısına tutdu və jurnalist vəsiqəmi tələb etdi. Mən həm şəxsiyyət vəsiqəmi, həm də jurnalist vəsiqəmi onlara təqdim etdim. Şəxsiyyət vəsiqəmi qaytarsalar da, jurnalist vəsiqəm onlarda qaldı. Polislər və Neft Şirkətinin işçiləri İdrak bəylə mənə mane olsalar da biz onların vəhşicəsinə döydükləri insanları lentə almağa çalışırdıq. Bu zaman mülki geyimli şəxs mənim ağzıma yumruq vuraraq fotoaparatımı əlimdən aldı”.
Onun sözlərinə görə, polis və ARDNŞ işçiləri insanları dəyənəklə döyürdülər: “İdrak məndən bir aralıda idi. O, kənardan şəkil çəkirdi. Mən bir də baxdım ki, polislər və ARDNŞ işçiləri onu arxası üstə yıxaraq həm dəyənəklə vurur, həm də təpikləyirdilər. Onun qarın nahiyyəsinə çıxaraq təhqir edirdilər”. Jurnalist deyir ki, o, İ.Abbasovun döyüldüyü məqamı çəkmək məqsədilə ona yaxınlaşmaq istəyəndə bir nəfər arxadan onun saçından yolaraq dartıb: “Arxadan belimə də vurdular. Mən onlardan xahiş etdim ki, qoymayın döysünlər, icazə verin kömək edim. Amma heç kimə və heç nəyə məhəl qoymadan onu döydülər. Hətta köməyə gələn İdrakın iki qardaşı da döyüldü. Sonra da onları orada qoyub, çıxıb getdilər”.
Jurnalistin sözlərinə görə, oradan İdrakı xəstəxanaya aparıblar: “Əvvəlcə Xocaəsən təcili tibbi yardım stansiyasına apardıq. Oradan da 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşka) apardılar. Hazırda onun vəziyyəti ağırdır. Rentgendən çıxandan sonra mən xəstəxananın dəhlizində İdraka yaxınlaşdım, o, ancaq su istədi, danışa bilmirdi. Dedi ki, gözümün qarşısında pərdə var onu çəkin. O, huşsuz vəziyyətdə idi.  Yəni vəziyyəti çox pisdir”.
Bu arada, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva və jurnalist İdrak Abbasovun (“Zerkalo” qəzeti) peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlərlə üzləşmələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Mətbuat Şurasına daxil olan məlumatda hər iki media təmsilçisi aprelin 18-də ARDNŞ-in Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikililərin söküntü prosesi ilə bağlı material hazırlayarkən təzyiqlərlə üzləşdiyi bildirilir. Şirkətin işçiləri onların peşə vəzifələrini yerinə yetirmələrinə mane olub, G.Musayevaya təzyiq göstərərək fotoaparatını əlindən alıblar. İ.Abbasov isə fiziki təzyiqə məruz qalmaqla yanaşı, digər həmkarı kimi təhqir olunub. Şura sədri müraciətində məsələnin ətraflı araşdırılacağına və qanuna müvafiq tədbir görüləcəyinə əminliyini vurğulayıb.