Dunya Miyatoviç həbsdə olan bloqqer və jurnalistlərin əfv olunmasını alqışlayıb

Dunya MiyatoviçATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç həbs edilmiş 2 jurnalist və bloqqerin azadlığa buraxılmasını alqışlayıb. APA-nın məlumatına görə, o bildirib ki, “bu, öz işlərini azad şəkildə görməli olan jurnalistlər üçün yaxşı şəraitin yaradılmasına kömək edə biləcək çoxdan atılması gözlənilən addım idi”. Qeyd edək ki, 26 dekabr tarixində prezident İlham Əliyev 87 məhkumun əfv edilməsi barədə sərəncam imzalayıb. Əfv fərmanına əsasən iki jurnalist – İranın “Səhər” telekanalında işləyən Anar Bayramlı və “Xural” qəzetinin region müxbiri Aydın Canıyev əfv olunaraq azadlığa buraxılıb. Hər iki şəxs bir neçə ay həbsdə saxlanılıb. Bundan başqa bloqqer Taleh Xasməmmədov da azadlığa buraxılıb. “Mən ümid edirəm ki, Anar Bayramlı, Aydın Cəniyev və Taleh Xəsməmmədovun azad edilməsi ilə bağlı bu təqdirəlayiq addım davam edəcək. Həbsdə olan bütün jurnalistlər azad edilməlidir”,- deyə Miyatoviç qeyd edib.
Bakıya etdiyi son səfəri zamanı Dunya Miyatoviç həbsdə olan jurnalistlər – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, müstəqil jurnalist Fərəməz Novruzoğlu, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov və “Tolışı Sado” qəzetinin baş redaktoru Hilal Məmmədovla görüşüb.