Gürcüstan paytaxtında oktyabrın 20-dən başlayan “Cənubi Qafqaz KİV 8-ci illik konfransında “Plüralizmin inkişafında internetin rolu” mövzusunda iki günlük konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç və ATƏT-in KİV məsələləri üzrə bürosunun direktoru Andrey Rixter açıb. Tədbirdə 70-dən çox jurnalist iştirak edib. Konfransda Azərbaycanı 15 nəfər jurnalist təmsil edib. Konfransın ilk günü hər bir Cənubi Qafqaz ölkəsindən iki nəfər çıxış edib. Tədbirdə Azərbaycanı təmsil edən Rabitə və informasiya nazirliyinin hüquq şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov və reportyorların təhlükəsizliyi və azadlığı institutunun (QHT) rəhbəri Elman Hüseynov çıxış edib. Konfransda Böyük Britaniya, Qazaxıstan, Azərbaycan, Ermənistan və Gürcüstandan olan jurnalistlərin, eyni zamanda ATƏT ekspertlərinin maraqlı çıxışları olub və tədbirdə iştirak edən digər jurnalistlər də diskussiyalara qatılıblar.
Sonda ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç yekun sözü ilə çıxış edib. Konfransda plüralizmin inkişafında internetin rolu ilə bağlı tövsiyələrdən ibarət bəyannamə qəbul edilib.
Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev APA-ya iki günlük konfransda internetin sürətli inkişafı və mediada yeni texnologiyanın tətbiqi məsələlərinin qaldırıldığını deyib. “Biz bu məsələlərə daha çox diqqət yetirməliyik ki, Avropa mediasından geri qalmayaq. Etiraf etmək lazımdır ki, bu gün Qafqaz mediası Avropa jurnalistikasından bəzi sahələrdə onilliklərlə geri qalır. Hər il konfransda səslənən çıxışlar dərc olunur və konfrans adından Cənubi Qafqaz ölkə rəhbərlərinə müraciət qəbul olunur və bu müraciətdə konfrans iştirakçılarının fikirləri və hansı məsələlərə diqqət yetirilməsi öz əksini tapır”.
Tiflisdə “Cənubi Qafqaz KİV 8-ci illik konfransında “Plüralizmin inkişafında internetin rolu” mövzusunda iki günlük konfrans keçirilib